Azərbaycan–Mərkəzi Asiya tərəfdaşlığında yeni mərhələ

Nizami Səfərov
Milli Məclisinin deputatı
Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı ölkəmizin regional əməkdaşlığın genişləndirilməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm təzahürüdür.
Azərbaycanın ötən il Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu qərar Azərbaycanın region dövlətləri ilə ortaq maraqlara əsaslanan əməkdaşlığının gücləndirilməsi və vahid geosiyasi, geoiqtisadi məkanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının çıxışında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, birgə istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının dərinləşdirilməsi əsas istiqamətlər kimi diqqətə çatdırılıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması bu əməkdaşlığın real nəticələrini əks etdirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizinin yaratdığı imkanlar, Orta Dəhlizin inkişafı və nəqliyyat infrastrukturuna yatırılan sərmayələr Azərbaycanı Mərkəzi Asiya ilə beynəlxalq bazarlar arasında mühüm tranzit mərkəzinə çevirir. Eyni zamanda, enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər regionun gələcək inkişafı üçün yeni imkanlar açır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyi isə xalqlarımız arasında dostluğun və həmrəyliyin bariz nümunəsidir. Bu münasibətlər yalnız iqtisadi maraqlara deyil, həm də ortaq tarixi, mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır.
Cənab Prezidentin çıxışında vurğulandığı kimi, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik regional inkişafın əsas şərtləridir. Azərbaycanın bu əməkdaşlıq formatında fəal iştirakı və 2027-ci ildə ona sədrlik edəcək olması ölkəmizin regional proseslərdə artan rolunun göstəricisidir.
Əminliklə demək olar ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığa, iqtisadi inkişafın sürətlənməsinə və regionun beynəlxalq mövqelərinin güclənməsinə mühüm töhfə verəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.