AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağda Böyük Qayıdış davam edir

  • + A
  • - A
  • Bu gün, 10:50

    Qarabağda Böyük Qayıdış davam edir

    Azad edilmiş ərazilərdə 100 minə yaxın insan yaşayır

    Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə iştirakçılara müraciət edib.

    Müraciətdə bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsinin əsasını qoyub. Regionun bərpası dövlətin maliyyə imkanları hesabına həyata keçirilir və bu məqsədlə indiyədək 25,5 milyard manat vəsait ayrılıb.

    Dövlət başçısının sözlərinə görə, Böyük Qayıdış çərçivəsində 300 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizlənib. 47 yaşayış məntəqəsinə 40 mindən çox sakin qayıdıb. Hazırda azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb.

    Regionda nəqliyyat, enerji və su infrastrukturu genişləndirilir. Təxminən 1 500 kilometr yol çəkilib, üç beynəlxalq hava limanı istifadəyə verilib. Bir su anbarı tikilib, beşi bərpa olunub, 38 su elektrik stansiyası istismara verilib. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından səmərəli istifadə əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

    Sosial infrastrukturun yaradılması da davam edir. Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi fəaliyyət göstərir, Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bununla yanaşı, dövlət xidmətlərinin əlçatanlığının artırılması, tarixi abidələrin bərpası və turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir.

    Müraciətdə ekoloji problemlərin aradan qaldırılmasının vacibliyi də qeyd olunub. İşğal dövründə 54,3 min hektar meşə sahəsinin məhv edildiyi, indiyədək 600 hektar meşə fondunun bərpa olunduğu bildirilib.

    Prezident vurğulayıb ki, Böyük Qayıdışın növbəti mərhələsində özəl investisiyaların artırılması, daimi məşğulluğun təmin edilməsi və ixracyönümlü istehsalın genişləndirilməsi əsas hədəflər olacaq. Bu, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni inkişaf mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.

    İlham Əliyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Karabakh” və “BakuBuild” sərgilərinin yeni texnologiyaların təqdimatı və işgüzar əlaqələrin qurulması üçün əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR