İdeoloji təhlükəsizlik dövlətin əsas prioritetlərindəndir

Xanlar Fətiyev
Millət Vəkili
“İdeoloji təhlükəsizlik hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edir”
“Azərbaycan xalqının çox gözəl dəyərləri və ənənələri var. Eyni zamanda Azərbaycan hüquqi dövlətdir. Bütün bunlar bizim ideologiyamızın əsaslarını təşkil edir.
Biz imkan verə bilmərik ki, kənardan kimlərsə bizim dəyərlərimizə qara yaxsınlar.
İmkan verə bilmərik ki, yad ideoloji təsirlər bizim cəmiyyətimizə ayaq açsın. Ona görə bu məsələdə hər birimiz diqqətli olmalıyıq. Azərbaycan dövlətinin özünün inkişaf yolu və ideoloji xətti var və bunu qorumaq hər birimizin vətəndaşlıq borcudur”. Bu açıqlamanı AZADMEDİA.az-a Milli Məslisin deputatı Xanlar Fətiyev verib. Millət vəkilinin sözlərinə görə Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında ideoloji təhlükəsizlik barəsində fikirlərini bildirdi və qeyd olundu ki, ideoloji təhlükəsizlik hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edir.
Xanlar Fətiyev əlavə edib ki, indiki zamanda internetin inkişaf etdiyi, sosial şəbəkələrin cəmiyyətimizdə mühüm mövqe tutduğu bir dövrdə ideoloji məsələlər daha çox aktuallıq kəsb edir. Buna görə də hər birimiz bu həssas məsələdə çox ehtiyatlı davranmalı, dövlətimizin, xalqımiz milli mənafeyini hər şeydən üstün tutmalıyıq.
Millət vəkili son vaxtlar məktəbli forması ilə bağlı sosial şəbəkələr vasitəsilə aparılan qarayaxma kompaniyasına da toxunub:
“Məktəbli forması ilə bağlı aparılan qarayaxma kompaniyaları ölkəmizə qarşı həyata keçirilən xarici ideoloji təxribatlardan xəbər verir. Məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunmasına xidmət edir. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır. Eyni məktəbli formasında olmaq şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını alır, ayrı-seçkiliyə imkan vermir.
Eyni zamanda Azərbaycanda dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır və bu mənada məktəbli geyimi də bu prinsipə uyğun olmalıdır. Ona görə bu məsələdə hər birimiz diqqətli olmalı, cəmiyyətimizin ideoloji sağlamlığının qorunması üçün əlimizdən gələni etməliyik” deyə Xanlar Fətiyev əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.