Azərbaycanda yeni rəqəmsal informasiya sistemi yaradılıb

Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin fəaliyyəti ilə bağlı Fərman imzalayıb. Sənədlə sistem haqqında Əsasnamə təsdiq edilib.
“Rəqəmsal rabitə” informasiya sistemi (RRİS) rabitə və telekommunikasiya sahələrində tənzimləmə və nəzarət proseslərinin təkmilləşdirilməsinə, dövlət qurumları ilə digər təşkilatlar və şəxslər arasında məlumat mübadiləsinin operativliyinin və şəffaflığının artırılmasına xidmət edəcək.
Sistem, həmçinin xidmətlərin səmərəliliyinin yüksəldilməsini, məlumatların sistemləşdirilməsini və onların əlçatanlığını təmin edəcək.
Fərmana uyğun olaraq, RRİS-in sahibi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru isə nazirliyin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi müəyyən edilib.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək. Nazirlik isə sistemin formalaşdırılması, fəaliyyətinin təşkili və inkişafı ilə bağlı zəruri tədbirlər görəcək.
Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların müvafiq reyestrlərinə daxil edilməsi də nəzərdə tutulur.
Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə birlikdə məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması təmin edilməlidir.
Fərmanda dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı tələblərin icrası üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə tədbirlərin görülməsi də nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.