Azərbaycana qarşı hibrid hücumlarla bağlı açıqlama

Komissiya dezinformasiya, dini-ideoloji təxribat və kiberhücumlara diqqət çəkib
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı həyata keçirildiyi bildirilən hibrid hücumlarla bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, enerji təhlükəsizliyindəki rolu, regional tranzit imkanları və daxili sabitliyinin ölkəyə qarşı yönələn hibrid təhdidlərin artmasına səbəb olduğu qeyd edilib.
Komissiyanın məlumatına görə, son dövrlərdə ölkə dini-ideoloji təxribatlar, koordinasiyalı informasiya əməliyyatları və kiberhücumlarla üzləşir. Bəyanatda milli-mənəvi və multikultural dəyərlərin, eləcə də dini inancların hədəfə alındığı bildirilib.
Sənəddə qeyd olunub ki, ictimai rəyi manipulyasiya etmək, cəmiyyətdə parçalanma yaratmaq və dövlət qurumlarına etimadı zəiflətmək məqsədi daşıdığı bildirilən fəaliyyətlərdə müxtəlif rəqəmsal vasitələrdən istifadə olunur. Bunlara haker qrupları, saxta sosial media hesabları, botlar və xarici media qurumları aid edilib.
Komissiya bəzi xarici qüvvələrin dezinformasiya materiallarını rəqəmsal platformalar vasitəsilə yayaraq cəmiyyətdə etnik, dini və siyasi zəmində ziddiyyətləri dərinləşdirməyə çalışdığını iddia edib.
Bəyanatda sosial şəbəkə alqoritmlərinin təsiri də xüsusi vurğulanıb. Bildirilib ki, istifadəçilərə yalnız onların mövcud baxışlarına uyğun məlumatların təqdim olunması yanlış təsəvvürləri gücləndirə, emosional reaksiyaları artıraraq manipulyasiyanın təsirini genişləndirə bilər.
Komissiyanın bəyanatında aparılan monitorinqlərin nəticələrinə də yer verilib. Bildirilib ki, müşahidə olunan təhdidlərə baxmayaraq, Azərbaycan vətəndaşları təxribatlara uymayıb və bölücü məzmunların ifşasına dəstək göstəriblər.
Sonda komissiya və aidiyyəti dövlət qurumlarının hibrid hücumlara qarşı fəaliyyətlərini davam etdirəcəyi vurğulanıb. Həmçinin Azərbaycan əleyhinə aparılan fəaliyyətləri qınayan dost və qonşu ölkələrin vətəndaşlarına təşəkkür bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.