Bakı, 16 oktyabr - Azadmedia.az“Ölkəmiz oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etdi. AQEM-in 7-ci sammiti beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil edir”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, AQEM-in yaradılması haqqında ilk təşəbbüs 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstan tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə təsdiqlənmiş “Almatı Aktı”dır. Bakı sammitinə qədər təşkilatın 28 üzvü var idi, amma Laos Xalq Demokratik Respublikasının platformaya tam hüquqlu üzv seçilməsi ilə onların sayı 29-a çatıb. Bundan əlavə, bir sıra ölkələr, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar qurumda müşahidəçi statusuna malikdirlər. Azərbaycan Qazaxıstanın təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdəndir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirir. AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə 2024-2026-cı illər üzrə təşkilata sədrlik ölkəmizə keçib. Təşkilata sədrlik çərçivəsində AQEM-in Biznes və Gənclər şuralarına sədrliyi də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilir. Təkcə 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına uyğun 44 tədbir keçirilib. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub ki, bu da AQEM-in 5 əsas iş istiqamətini (iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü) əhatə edir. Azərbaycan sədrliyinin prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.
Deputat bildirib ki, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Sammitdə Prezident İlham Əliyevin çıxışı da bu faktı təsdiqləyir. Cənab Prezident çıxışında bəyan edib ki, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Dövlət başçısı müstəqilliyimizi bərpa etdikdən sonra davamlı şəkildə ikili standartlarla üzləşdiyimizi də xatırladıb. Bunun əsas səbəbi isə subyektiv yanaşmalar, ikili standartlar və beynəlxalq hüququn işləməməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunub. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovaraq etnik təmizləmə həyata keçirib. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, lakin onlar 30 il ərzində kağız üzərində qaldı. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu isə münaqişənin həllinə yox, dondurulmuş vəziyyətdə saxlanılmasına çalışdı. Avropa Parlamenti və Avropa Şurası isə işğalçı ermənilərə lobbiçilik etməklə məşğul olub. Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar.
Dövlət başçısının dediyi kimi, Ermənistanın indiki rəhbərliyi də ölkəmizə qarşı hərbi təxribatlar törətdi. Buna görə də, Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Separatçıların liderləri və müharibə cinayətkarları isə həbs edilərək ədalət mühakiməsinə çıxarıldılar. Cənab Prezident haqlı olaraq onların məhkəmə prosesini Nürnberq tribunalının analoqu hesab edib. Çünki onlar da erməni faşizminin nümayəndələridirlər.
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin AQEM-in sammitində bu mövzuya geniş toxunması təsadüfi deyil. Əslində, dövlət başçısı bununla işlək beynəlxalq hüquq norma və mexanizmlərinin yaradılmasına qlobal çağırış edir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.
“Bütövlükdə, Azərbaycan bu mühüm platforma çərçivəsində səmərəli fəaliyyət göstərib. Ölkəmiz AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Azərbaycanın bu platformaya sədrliyinin daha iki il müddətinə uzadılması da bu reallığı ifadə edir. Sammitdə iştirak edən liderlər, eləcə də, Bakı Bəyannaməsində ölkəmizin bu platformanın verdiyi töhfələr xüsusi vurğulanıb” – deyə, Samir Vəliyev qeyd edib.