AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət edib

  • + A
  • - A
  • Bu gün, 16:38

    Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət edib


    Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Sumqayıt şəhərində Vətən müharibəsi şəhidləri Rüfət Mustafayevin və İzzət Həmidovun ailələrini, eləcə də müharibə qazisi Cahangir Əliyevi ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
    Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yaşatmaq, onların ailələrinə ehtiram göstərmək, sağlamlığını ölkənin müdafiəsi naminə itirən qazilərimizin yanında olmaq milli həmrəyliyimizin və mənəvi məsuliyyətimizin mühüm göstəricisidir. Elnarə Akimovanın görüşləri zamanı səslənən xatirələr, yaşanan ağrılar və gələcəyə bəslənən ümidlər Vətən müharibəsinin insan talelərində buraxdığı izləri bir daha göz önünə gətirib.
    Deputat əvvəlcə şəhid Rüfət Mustafayevin anası Afət xanımla görüşüb. Ömrünün ən böyük sərvəti olan yeganə övladını Vətənə qurban verən ananın Rüfətlə bağlı xatirələri, onun igidliyi və döyüş yolu haqqında danışdıqları görüşə kövrək duyğularla yanaşı, böyük qürur da gətirib.
    1996-cı il martın 12-də Sumqayıtda dünyaya göz açan Rüfət Mustafayev Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qoşularaq əsl fədakarlıq nümunəsi göstərib. 2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə düşmənin hücum cəhdinin qarşısını alarkən komandiri, polkovnik-leytenant Zaur Cəfərovla birlikdə şəhidlik zirvəsinə ucalıb. Rüfət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
    Elnarə Akimova daha sonra şəhid İzzət Həmidovun ailəsini ziyarət edib, anası Vəfa xanım və qardaşı Elvinlə görüşüb. Vəfa xanım oğlunun qəhrəmanlığından danışarkən göz yaşlarını saxlaya bilməyib. Hər xatirəsində ana qəlbinin sonsuz həsrəti, hər kəlməsində isə övladı ilə duyduğu qürur hiss olunub.
    İzzət Həmidovun həyat hekayəsi Vətən sevgisinin təsirli nümunələrindəndir. O, qardaşı Elvinlə eyni vaxtda hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda hər iki qardaş torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb, müxtəlif istiqamətlərdə hərbi vəzifələrini yerinə yetiriblər. İzzət 2020-ci il oktyabrın 9-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Elvin isə qardaşının əziz xatirəsini qəlbində yaşadaraq həyatına davam edir. Eyni ailədən olan iki qardaşın Vətən qarşısında borcunu yerinə yetirmək üçün eyni vaxtda hərbi xidmətə yollanması ailə bağlılığının, məsuliyyətin və milli ruhun parlaq təzahürüdür.
    Deputatın ziyarət etdiyi ünvanlardan biri də Vətən müharibəsi qazisi Cahangir Gülbala oğlu Əliyevin ailəsi olub. 1999-cu ildə Sumqayıtda dünyaya gələn Cahangir orta təhsilini başa vurduqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətinin başa çatmasına cəmi üç gün qalmış Vətən müharibəsinin başlaması onun həyatını kökündən dəyişib. O, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanaraq müharibənin ən acı nəticələri ilə üzləşib.
    Cahangirin anası Sevda xanım oğlunun səhhəti və uzunmüddətli müalicəsi barədə danışarkən yaşadıqları çətinlikləri bölüşüb. Raket mərmisinin partlayışı nəticəsində Cahangirin sol gözü görmə qabiliyyətini itirib, eşitmə və danışıq problemləri yaranıb, üzü ağır yanıb, əl barmaqlarının bir qismini itirib. O, plastik əməliyyat keçirib və dəri köçürülməsi əməliyyatına məruz qalıb. Anasının sözlərinə görə, əvvəlki vəziyyəti ilə müqayisədə müəyyən irəliləyiş var: Cahangir tədricən yeriməyə başlayıb. Gündəlik qayğıya ehtiyacı olsa da, həyata qayıtmaq üçün mübarizəsini davam etdirir.
    Sevda xanımın danışdıqları bir ananın sonsuz səbrini və övladının sağalacağına olan inamını əks etdirib. O bildirib ki, Cahangir ağır vəziyyətinə baxmayaraq, Vətən sevgisini itirməyib və anasına “Vətən üçün canımı fəda etməyə hər an hazıram” deyir.
    Bu görüşlərin hər biri fərqli bir insan taleyini, lakin eyni həqiqəti ortaya qoyur: Vətən müharibəsinin qəhrəmanları xalqımızın yaddaşında yalnız döyüş meydanında göstərdikləri igidliklə deyil, ailələrinin yaşadığı ağrı, qazilərimizin davam edən mübarizəsi və gələcəyə olan inamla da yaşayırlar. Şəhid analarının göz yaşlarında övlad həsrəti, qazilərin həyat uğrunda mübarizəsində isə əyilməz iradə və Vətən sevgisi var.
    Elnarə Akimovanın şəhid ailələri və qazi ailəsi ilə görüşləri onların xatirələrinin yaşadılması, gündəlik qayğılarının öyrənilməsi və qarşılaşdıqları problemlərin diqqətdə saxlanılması baxımından əhəmiyyətlidir. Şəhidlərimizin əziz xatirəsini uca tutmaq, qazilərimizə və onların ailələrinə qayğı göstərmək təkcə mənəvi borc deyil, həm də dövlət və cəmiyyət olaraq üzərimizə düşən məsuliyyətdir.
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR