AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı və Amsterdam əməkdaşlığı genişləndirmək niyyətindədir

  • + A
  • - A
  • Bu gün, 13:10

    Bakı və Amsterdam əməkdaşlığı genişləndirmək niyyətindədir

    Görüşdə ticarət, investisiya, nəqliyyat və aqrar sahə üzrə imkanlar dəyərləndirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşüb.

    Görüş zamanı Prezident İlham Əliyev ötən il Kopenhagendə Niderlandın sabiq Baş naziri Dik Sxofla keçirdiyi görüşü yada salıb. Həmin təmaslarda iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirə edildiyini bildirib.

    Dövlət başçısı Niderlandın xarici işlər nazirinin səfərini ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli fürsət kimi qiymətləndirib. Siyasi dialoq, diplomatiya, iqtisadiyyat və investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Tom Berendsen isə qəbul üçün Prezident İlham Əliyevə təşəkkür edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

    Nazir Yaxın Şərqdəki hadisələr fonunda Niderland vətəndaşlarının, o cümlədən Tehrandakı diplomatik nümayəndəliyin rəhbəri və əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyi yüksək qiymətləndirib.

    O, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində İlham Əliyevin roluna diqqət çəkib və regionda sabitliyin Avropa üçün də mühüm əhəmiyyət daşıdığını bildirib.

    Tərəflər iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və işgüzar dairələr arasında təmasların artırılması məsələlərini müzakirə ediblər.

    Nəqliyyat və logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların olduğu vurğulanıb.

    Görüşdə Azərbaycanın aqrar sektorun inkişafına xüsusi önəm verdiyi, bu istiqamətdə dövlət proqramlarının icra olunduğu bildirilib. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsinin ikitərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı qeyd edilib.

    ]






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR