Təhlükəli mallara qarşı tədbirlər sərtləşdirilir

Onların bazardan geri çağırılması və məhv edilməsi qanunla tənzimlənəcək
Təhlükəli hesab edilən malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması və məhv edilməsi qaydaları qanunvericilikdə əksini tapacaq.
Məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində yer alıb.
Yeni maddəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli olan və texniki tənzimləmənin şamil edildiyi mallarla bağlı bir sıra tədbirlər görüləcək. Bunlara məhsulların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi daxildir.
Sadalanan tədbirlər müvafiq səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.
Dəyişiklik təhlükəli məhsulların istehlak bazarında qalmasının qarşısını almağa və vətəndaşların həyat və sağlamlığının qorunmasına xidmət edir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət istehlak bazarlarında müvafiq qurum tərəfindən həyata keçirilir. İstehsal mərhələsində isə texniki tələblərə uyğunluğa akkreditasiya edilmiş qiymətləndirmə qurumları nəzarət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.