AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamran Əliyev: Korrupsiya qlobal xarakter daşıyan ümumi çağırışdır

  • + A
  • - A
  • Bu gün, 11:27

    Kamran Əliyev: Korrupsiya qlobal xarakter daşıyan ümumi çağırışdır

    Korrupsiya dünyanın hər yerində milyonlarla insanın rifahına mənfi təsir göstərir, qanunun aliliyinə xələl gətirir, iqtisadi və sosial sabitliyi pozur, mütəşəkkil cinayətkarlıq üçün əlverişli şərait yaradır.

    Bu barədə Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşündə çıxışı zamanı bildirib.

    O qeyd edib ki, korrupsiya qlobal xarakter daşıyan və bütün ölkələr üçün ortaq çağırışdır.

    Baş prokurorun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin səmərəliliyi, ilk növbədə, güclü siyasi iradədən asılıdır. Azərbaycanda Prezident İlham Əliyevin profilaktik və inzibati tədbirlərin həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradə bu sahədə effektiv mübarizənin aparılmasına şərait yaradıb.

    Kamran Əliyev vurğulayıb ki, qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı hüquqi və institusional islahatlar nəticəsində Azərbaycanda beynəlxalq standartlara uyğun müasir hüquqi baza formalaşdırılıb.

    O bildirib ki, Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, eləcə də Avropa Şurasının Korrupsiya ilə əlaqədar Mülki Hüquq və Cinayət Hüququ konvensiyalarını ratifikasiya edib. Ölkəmiz, həmçinin Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır.

    Baş prokurorun sözlərinə görə, qanunvericiliyin səmərəli tətbiqini təmin etmək məqsədilə məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparılıb, beynəlxalq təcrübəyə uyğun ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb.

    Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın antikorrupsiya siyasətini formalaşdıran milli qurum olduğunu bildirib. Onun sözlərinə görə, Komissiya müvafiq fəaliyyət planları və strategiyalar hazırlayır, onların icrasına nəzarət edir.

    Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə prokurorluq orqanlarının strukturunda fəaliyyət göstərən ixtisaslaşmış hüquq-mühafizə qurumudur. İdarə korrupsiya cinayətləri üzrə ibtidai istintaq aparır və əməliyyat-axtarış tədbirləri həyata keçirir.

    Baş prokuror qeyd edib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizədə yalnız cəza tədbirlərinə deyil, həm də qabaqlayıcı mexanizmlərə xüsusi diqqət yetirir. Bu baxımdan, dövlət xidmətlərini vahid məkanda şəffaf və əlaqələndirilmiş şəkildə təqdim edən “ASAN xidmət” mərkəzləri dövlət idarəçiliyində şəffaflığın təmin olunmasına mühüm töhfə verir.

    O, antikorrupsiya siyasətinin digər mühüm istiqamətinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsi olduğunu vurğulayıb.

    Kamran Əliyev bildirib ki, korrupsiya kimi qlobal problemlə mübarizə aparmaq üçün ölkələr səylərini birləşdirməlidir. Onun sözlərinə görə, görüş çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə öhdəlikləri nəzərdən keçirmək və yeniləmək üçün imkan yaradacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR