Aqil Abbas Sahibə Qafarovanın iradını haqlı hesab edib: “Mövzudan kənara çıxmışam”

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla parlamentin spikeri Sahibə Qafarova arasında yaşanan fikir ayrılığı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə ki, Sahibə Qafarova deputatın Ağdamda ona niyə ev verilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edərək, bu cür çıxışların görülən işlərə kölgə saldığını bildirib.
Müzakirələr zamanı sosial şəbəkə istifadəçilərinin bir qismi Aqil Abbasın mövqeyini dəstəkləyib, digərləri isə spikerin iradını haqlı hesab edib.
Məsələ ilə bağlı Aqil Abbasla əlaqə saxlanılıb. Deputat açıqlamasında Sahibə Qafarovanın ona irad bildirməkdə haqlı olduğunu deyib.
“Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı? Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Cəmiyyətdə indi kiminsə kimdənsə xoşu gəlir və ya gəlmir, başlayırlar iki yerə bölünməyə. Hər kəs öz fikrini bildirməkdə azaddır.
Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq. Elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir.
Qeyd etdiyim kimi, bu məsələdə cəmiyyətin iki yerə bölünməsi səhvdir. Hörmətli Sahibə xanım bizim sədrimizdir və irad bildirməkdə haqlı idi. Çünki həmin vaxt “Pulsuz hüquqi yardım haqqında” qanun müzakirə olunurdu. Mən bu fikirlərimi cari məsələlərlə bağlı deputatlara yarım saat vaxt ayrılan zaman bildirməli idim.
Bu dəqiqə evlər şəhid ailələrinə və müharibə veteranlarına verilir. Mərhələli şəkildə, yəqin ki, digər köçkünlərə də ev düşəcək. Yəni bunu böyütmək düzgün deyil. Kimsə bekardır, kiminsə kimdənsə xoşu gəlmir, mövzunu başqa yerə yozmaq düz deyil. Ağdam sürətlə bərpa edilir. Mən də gedib-gəlirəm. Bütün Qarabağda evlər tikilir. Bu, asan iş deyil”, – deputat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.