Prezident “ASAN xidmət”in beynəlxalq uğurlarından danışıb

Azərbaycanın dövlət xidmətləri modeli 50-dən çox ölkənin marağına səbəb olub.
Prezident İlham Əliyev BMT-nin “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” mövzusunda beynəlxalq tədbirinin iştirakçılarına müraciət edib.
Dövlət başçısı müraciətində Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan islahatlara toxunaraq “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, 2012-ci ildə yaradılan “ASAN xidmət” dövlət xidmətlərinin əlçatanlığını, keyfiyyətini və şəffaflığını artırmaq məqsədi daşıyır. Bu model qısa müddətdə beynəlxalq maraq doğuran Azərbaycan brendinə çevrilib.
Prezident qeyd edib ki, “ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə bölüşülüb. BMT də bu təşəbbüsü yüksək qiymətləndirərək 2015-ci ildə modeli “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə rəqəmsal idarəetmə sahəsində xüsusi mükafata layiq görüb.
Müraciətdə Azərbaycanla BMT arasında 2024-cü ildə imzalanmış Töhfə Sazişinin əhəmiyyəti də qeyd olunub. Saziş “ASAN xidmət” modelinin dörd qitədə təşviqini nəzərdə tutur.
İlham Əliyev Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsi və dövlət xidmətlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı davam etdirəcəyini bildirib. Prezident sammit iştirakçılarına uğurlu müzakirələr arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.