Tariximizi şərəfləndirən, xalqımızı qürurlandıran Zəfər salnaməsi

Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsindəki qələbənin altıncı ildönümünü böyük qürur və fəxarət hissi ilə qarşılayır. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, ölkəmizin qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, torpaqlarımızın işğaldan azad olunmasını dünyaya bəyan edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlər sisteminin ən böyük haqsızlıqlarından biri idi. Qarabağ Azərbaycan ərazisi kimi tanınsa da, beynəlxalq təşkilatlar, o cümlədən artıq keçmişdə qalmış Qarabağ probleminin həlli ilə bağlı birbaşa məşğul olan ATƏT-in Minsk qrupu heç vaxt ədalətli və prinsipial mövqe ortaya qoymadılar. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi ilk gündən kağız üzərində qaldı və icra olunmadı. Artıq ləğv edilmiş Minsk qrupu isə fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. İşğalçı və işğala məruz qalan gün kimi aydın olsa da, beynəlxalq ictimaiyyət ədalətli mövqe nümayiş etdirməkdən uzaq oldu.
Lakin Azərbaycan dövləti və xalqı torpaqlarımızın işğal altında qalması ilə heç vaxt razılaşmadı. İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və bütün sərhədlərimizin boyunca bayrağımızın dalğalanması hər zaman Azərbaycanda dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi oldu. Bu məsələdə xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətt Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi. 2003-cü il oktyabrın 31-də Azərbaycan Prezidenti kimi ilk dəfə and içən cənab İlham Əliyev demişdi:
“Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Bu gün tarixə ekskurs edəndə görürük ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində olduqca mükəmməl, uzaqgörən və çoxşaxəli siyasət həyata keçirib. Belə ki, sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə torpaqlarımızın döyüş yolu ilə azad olunacağını hər zaman açıq şəkildə bəyan edən Prezident İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin ən müasir standartlara uyğun şəkildə gücləndirilməsini diqqət mərkəzində saxladı. Bu məqsədlə hərbi sənayesi inkişaf etmiş bir sıra dövlətlərlə uğurlu əməkdaşlıq quruldu. Azərbaycanın müasir müdafiə sənayesinin formalaşdırılması ilə ordumuzun silah-sursatla təchizatında xarici asılılıq əhəmiyyətli dərəcədə azaldıldı.
Bunlarla yanaşı, Prezident İlham Əliyev Ermənistanın “məzlum” obrazının və işğalçı siyasətinin beynəlxalq miqyasda ifşa olunması üçün effektiv xarici siyasət, hücum diplomatiyası həyata keçirdi. Ermənistan bütün siyasi-diplomatik platformalarda küncə sıxışdırıldı, erməni yalanlarının ayaq tutub yeriməsinin qarşısı alındı. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi, regionda və dünyada söz sahibinə çevrilməsi kimi siyasi-iqtisadi faktorlar da nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasına xidmət edib.
Azərbaycan sülh danışıqlarına sadiq olsa da, artıq 2020-ci ilin ortalarına doğru bu proses dayanmışdı. Ermənistanın 2020-ci ilin iyul ayında Tovuz istiqamətində törətdiyi təxribat, avqust ayında ərazilərimizə diversiya qrupu göndərməsi cəbhə xəttində genişmiqyaslı hərbi toqquşmaların baş verməsini qaçılmaz edirdi. Prezident İlham Əliyev sentyabr ayının 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən Ermənistanın hərbi təxribatları ilə bağlı xəbərdarlıq edərək demişdi:
“Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin bu sözlərinin təsdiqi oldu. Ermənistan savaşın ilk günündən sözün bütün mənalarında peşman edildi. Müharibənin ilk dəqiqələrindən özünün tarixi missiyasını qətiyyətlə yerinə yetirən, düşmənin yaratdığı mürəkkəb müdafiə-istehkam qurğularını ilk həmlədə dəf edən Azərbaycan Ordusu cəmi bir neçə həftə ərzində 30 ilə yaxın işğal altında qalan ərazilərimizi azad etdi. Bir-birinin ardınca şəhər və rayonlarımızın, strateji yüksəkliklərin işğaldan azad olunması Azərbaycan Ordusunun gücü barədə söylənən fikirlərin döyüş meydanında təsdiqi oldu, “dəmir yumruğ”un təntənəsinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsi tarixinin həlledici hadisəsi oldu. Məhz bundan sonra məğlub olduğunu anlayan Ermənistan Azərbaycanın Zəfərinin siyasi-hüquqi təsdiqi olan Üçtərəfli Bəyanatı imzaladı.
Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin noyabr-dekabr aylarında Ağdam, Kəlbəcər və Laçın rayonları da işğaldan azad edildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Bu müharibədə bütün dünya savaş meydanında Azərbaycan Ordusunun yüksək döyüş imkanlarına, hərbçilərimizin şücaətinə şahidlik etdi. İgid oğullarımız torpaqlarımızın azadlığı uğrunda müharibədə qəhrəmanlıq salnamələri yazdılar, bu yolda şəhidlik mərtəbəsinə yüksəldilər. Bu gün biz Zəfər Gününü qeyd edərkən şəhidlərimizi də ehtiramla anır, onlara Tanrıdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayırıq.
Vətən müharibəsində Azərbaycan həm də diplomatiya və informasiya cəbhələrinin qalibi oldu. Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən xarici siyasət nəticəsində Azərbaycana qarşı beynəlxalq səviyyədə siyasi-diplomatik cəbhənin yaranmasına, Fransanın təşəbbüsü ilə BMT səviyyəsində Ermənistanın maraqlarını təmin edən sənədin qəbuluna imkan verilmədi. Prezident İlham Əliyevin xalqa müraciətləri və xarici KİV-ə verdiyi müsahibələr isə dünya erməniliyini informasiya məkanında darmadağın etdi.
2023-cü il sentyabrın 19-20 tarixlərində Qarabağda erməni separatçılarına qarşı keçirilən antiterror əməliyyatlarında isə ordumuz tariximizə növbəti zəfər salnaməsi yazdı. Antiterror əməliyyatlarının nəticəsi olaraq ərazilərimizdə erməni separatçılığına son qoyuldu, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, Vətən müharibəsi günlərində ölkədəki siyasi partiyalar həmrəylik nümayiş etdirdilər, torpaqlarımızın işğaldan azadlığı uğrunda milli mübarizədə Azərbaycan Prezidentinin ətrafında səfərbər oldular. Yalnız AXCP, Müsavat kimi siyasi qruplar bu siyasi həmrəylikdən uzaq durdular. O cümlədən Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında da AXCP və Müsavat iştirak etmədilər. Bütün bunlar bu siyasi qaragüruhun antimilli xislətini bir daha üzə çıxardı.
Vətən müharibəsindən sonra isə bu antimilli ünsürlər qələbəmizə kölgə salmağa çalışır, Rusiya sülhməramlı kontingentinin ərazilərimizi tərk etməyəcəyini iddia edirdilər. Bu mənada antiterror əməliyyatlarında dövlət suverenliyimizin tam bərpası, Qarabağda Azərbaycan dövlətinin Konstitusiya quruluşunun bərqərar edilməsi onların iflası oldu.
Beləliklə, Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Bu Zəfər sübut etdi ki, güclü siyasi iradə, milli birlik, iqtisadi qüdrət və müasir ordu qarşıya qoyulan ən mürəkkəb vəzifələrin həllini mümkün edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməklə həm də regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi məhz Zəfərin nəticələridir. 8 Noyabr Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq, xalqımızın qalibiyyətini, yenilməzliyini, dünyaya bəyan edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.