Azərbaycan COP31-də Türkiyənin sədrliyini yüksək qiymətləndirib

Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edən Azərbaycanın Baş nazirinin müavini Teymur Musayev qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına əsaslanan sədrliyini yüksək qiymətləndirib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Teymur Musayev bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsinə töhfə verib. Onun sözlərinə görə, qəbul edilən Bakı Maliyyə Hədəfi qlobal iqlim fəaliyyətinin gücləndirilməsi üçün mühüm zəmin yaradıb.
Qeyd olunub ki, Azərbaycan COP29-dan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirib. Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik həcminin 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb.
Bundan əlavə, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5°C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə isə “Belem 1,5°C Missiyası” həyata keçirilib.
Baş nazirin müavini Azərbaycanın daxili iqlim siyasətinə də toxunub. Bildirib ki, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddəti 15 il irəli çəkilərək 2035-ci ilə müəyyən edilib.
Təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası isə 2060-cı ilədək xalis sıfır emissiyaya nail olmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin tələblərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını vaxtından əvvəl təqdim etməyə hazırlaşır.
Teymur Musayev enerji keçidinin ölkənin iqlim siyasətində əsas istiqamətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış istehsal gücü 2,17 giqavata çatıb. Bu, ümumi elektrik enerjisi gücünün 21,5 faizini təşkil edir. İmzalanmış sazişlərə əsasən, 2030-cu ilədək əlavə 6 giqavat günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır.
O, metan emissiyalarının azaldılması, sənayedə enerji səmərəliliyinin artırılması, ekoloji təmiz nəqliyyatın inkişafı və tullantıların dayanıqlı idarə olunması istiqamətində görülən işlərdən də danışıb.
Baş nazirin müavini inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyini qeyd edib. Bildirib ki, mövcud öhdəliklər yerinə yetirilmədən yeni və daha iddialı hədəflərin irəli sürülməsi çoxtərəfli iqlim prosesinə etimadı zəiflədə bilər. Buna görə də Bakı Maliyyə Hədəfi də daxil olmaqla, qəbul edilmiş qərarların tam icrası prioritet olmalıdır.
Çıxışının sonunda Teymur Musayev Türkiyənin COP31-ə sədrliyinin öhdəliklərdən real nəticələrə keçid üçün mühüm imkan yaratdığını bildirib. O, Azərbaycanın Bakı və Belem proseslərinin nəticələrinə əsaslanaraq Türkiyə və digər tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.