Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumlarından sonra Moskva Kiyevlə danışıqlar aparmaq əvəzinə, bu zərbələrə cavab verəcək.
Putin bu barədə Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
Rusiya liderinin sözlərinə görə, ötən yay Kiyev rejimi enerji obyektlərinə, infrastruktura və Qara dənizdəki gəmilərə qarşı zərbələr endirməyə başlayıb. Bundan sonra Rusiya da analoji addımlarla cavab verib.
Putin qeyd edib ki, Rusiyanın cavab tədbirləri Ukrayna hakimiyyəti üçün Rusiya iqtisadiyyatına vurulmağa çalışılan zərərdən daha ağrılı olub. Onun sözlərinə görə, indi müxtəlif tərəflər Moskvadan zərbələri dayandırmağı və razılığa gəlməyi xahiş edirlər.
Prezident bildirib ki, Krım körpüsünə hücumlardan sonra Rusiya artıq danışıqlara getmək niyyətində deyil və hücumlara cavab verəcək.
“Bu məsələni Təhlükəsizlik Şurasındakı həmkarlarımla müzakirə etmişəm və hamıdan bir daha düşünməyi xahiş etmişəm. Bəlkə də hansısa razılığa gəlmək mümkün olardı. Lakin Krım körpüsünə zərbələrdən sonra danışıqlar aparmayacağıq. Bu hücumlara cavab verəcəyik. İstəyirəm ki, hamı bunu bilsin. Hesab edirəm ki, cavab tədbirlərimiz Kiyev rejiminin körpüyə qarşı həyata keçirdiyi hücumdan daha ağrılı olacaq”, – deyə Putin bildirib.
Putin vurğulayıb ki, Krım körpüsü sırf mülki təyinatlı obyektdir və hərbi texnikanın, sursatların, eləcə də neft və neft məhsullarının daşınması üçün istifadə olunmur.
“Biz körpünü, əlbəttə ki, bərpa edəcəyik”, – deyə Rusiya prezidenti əlavə edib.
Putinin sözlərinə görə, Kiyev hakimiyyətinin döyüş əməliyyatlarını dayandırmaq üçün razılığa gəlməkdə marağı yoxdur. Çünki bu halda Ukrayna Avropanın maliyyə dəstəyindən məhrum ola və seçkilər keçirməyə məcbur qala bilər.
Bununla yanaşı, Putin bildirib ki, Rusiya Ukraynada sülhün əldə olunması üçün ABŞ tərəfindən təklif edilən kompromislərə getməyə hazırdır. Lakin onun fikrincə, Kiyevin və Avropadakı tərəfdarlarının addımları onların sülh yolu ilə həllə maraqlı olmadığını göstərir.