Aprelin 28-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini xanım Beata Skvarska-Zonhenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Baş prokurorun birinci müavini Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ölkəmiz arasında uğurla inkişaf edən qarşılıqlı əlaqələr barədə söhbət açmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eləcə də vətəndaşlarımıza qarşı sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər barədə məlumat verilmişdir.
Otuz ilə yaxın dövr ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edildiyi vurğulanmışdır.
Daha sonra 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən başlanmış cinayət işi barədə BQXK-nın nümayəndələrinə məlumat verilmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Beata Skvarska-Zonhen ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd etmişdir.
Qonaq münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduqlarını bildirmişdir. Beata Skvarska-Zonhen hərbi münaqişə nəticəsində itkin düşmüş şəxslərin tapılmasının ümumi məqsəd olduğunu vurğulayaraq bu istiqamətdə Komitə tərəfindən intensiv işlərin görüldüyünü qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.