Bu gün “Xəzər” TV-də efirə gedən “İncə səhər” verilişinin buraxılışı gözlənilmədən yarımçıq dayandırılıb. Adətən həftə içi hər gün saat 10:00–12:30 arası yayımlanan proqram bu dəfə saat 11:40-da reklama gedib və daha sonra efirə qayıdılmadan serial nümayişinə start verilib.
Aparıcı Vüsalə Əlizadə verilişin vaxtından əvvəl bitməsi ilə bağlı heç bir açıqlama verməyib. Kanalın özü də hələ ki, verilişin dayandırılması barədə rəsmi məlumat yaymayıb.
Proqramın bugünkü qonaqları tanınmış müğənnilər Almaxanım Əhmədova, Pərviz Abdullayev və Namiq Qasımov olub. Məhz bu məqam cəmiyyətdə geniş suallar doğurur.
Qeyd edək ki, Almaxanım Əhmədova son günlər Mədəniyyət Nazirliyindəki korrupsiya və özbaşınalıqlarla bağlı sərt tənqidləri ilə gündəmdədir. Onun açıqladığı faktlar ictimaiyyətdə böyük rezonans yaratmış, mədəniyyət sahəsindəki ciddi problemləri bir daha üzə çıxarmışdı.
Belə bir fonda onun qonaq olduğu proqramın tam məhz onun çıxışı zamanı dayandırılması cəmiyyətdə “efirdə senzura tətbiq olundu” sualını doğurub.
Verilişin qəfil kəsilməsi yalnız texniki bir qərar kimi görünmür. Əksinə, bu addım tənqidə dözümsüzlüyün, medianın üzərinə qeyri-rəsmi təzyiqlərin, Mədəniyyət Nazirliyinin əleyhinə səslənən fikirlərin boğulması cəhdinin bariz nümunəsi kimi qiymətləndirilir.
Uzun müddətdir mədəniyyət sahəsində ciddi korrupsiya ittihamları dolaşır. Almaxanım Əhmədovanın açıqlamaları isə bu şübhələri daha da gücləndirmişdi. İndi isə onun efirdə qəfil “susdurulması” söz azadlığına qarşı növbəti zərbə kimi görünür.
Televiziyanın verilişi səbəbsiz dayanması aşağıdakı sualları gündəmə gətirir:
Mədəniyyət Nazirliyi efirlərə təsir edirmi?
Korrupsiyanı ifşa edən sənət adamlarının çıxışları məqsədli şəkildə kəsilir?
Kanallar tənqidi fikirlərdən qorxaraq özlərini sığortalayır?
Bu, ölkədə senzuranın artıq gizli yox, birbaşa efirdə tətbiq edildiyinin göstəricisidir. Demokratik cəmiyyətlərdə tənqid hökumətin inkişafı üçün əsas vasitə ikən, bizdə tənqidçilərin səsi bağlanır.
Almaxanım Əhmədovanın qonaq olduğu “İncə səhər” verilişinin səbəbsiz dayandırılması söz azadlığına qarşı təhlükəli addımdır. Mədəniyyət Nazirliyinin korrupsiya iddialarına cavab vermək əvəzinə, tənqidçilərin efirini qapatmaq cəhdləri cəmiyyəti daha da qınqırlaşdırır.
İctimaiyyət isə haqlı olaraq cavab gözləyir:
“Niyə veriliş dayandırıldı və kim bu qərarı verdi?”
Bu sual cavabsız qaldıqca, senzura və təzyiq şübhələri daha da güclənəcək.