Misir mətbuatında Ermənistanın kapitulyasiyası haqqında məqalə yayımlanıb
Misirin “Asiaelyom” informasiya agentliyinin saytında və “Rayetmısr” portalında 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti və kapitulyasiyası barədə məqalə yayımlanıb.
Məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiyanın dövlət başçıları, Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatdan bəhs edilir.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti ötən il noyabrın 10-da xalqa müraciətində 9 bənddən ibarət Bəyanatı Ermənistanın kapitulyasiya sənədi adlandırıb və Ermənistanın baş nazirinin onu dəmir yumruğun hesabına imzalamağa məcbur olacağını vurğulayıb. Misir ictimaiyyətinə dövlətimizin başçısının Bəyanatın müddəaları barədə öz xalqına verdiyi məlumat müfəssəl şəkildə çatdırılır və qeyd olunur ki, Prezident İlham Əliyev sonrakı çıxışlarında həmin sənədin şərtlərinin yerinə yetirildiyini bildirib.
Məqalədə kapitulyasiya sənədini imzalayan Ermənistanın öz silahlı qüvvələrini Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarması, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması üzrə şərtlərin yerinə yetirildiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan tərəfi Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət mərkəzində iştirakını təmin edib. Ermənistan, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması öhdəliyini götürüb. Bu dəhlizin yaradılması Türkiyə və Rusiya prezidentləri tərəfindən müsbət qiymətləndirilib.
Sonda qeyd olunur ki, Prezident İlham Əliyev regionda uzunmüddətli, dayanıqlı sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu bildirib. O, dəfələrlə bəyan edib ki, müharibədə Zəfər qazanmış Azərbaycan regional əməkdaşlığa hazırdır.