Ceyhun Məmmədov,
Millət vəkiliPrezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixli ilk iclasındakı çıxışında bir çox vacib məqamlara toxunmuşdu.
Qeyd etmək lazımdır ki, islahatlar siyasətinin təkmilləşdirilməsi və Milli Məclisin işinin daha keyfiyyətli təşkil edilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi vacib amillərdən biri idi. Artıq Azərbaycan parlamenti bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlamentdir.
Hazırda Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunur. Avropa İttifaqının VI çağırış Milli Məclis seçkilərinin nəticəsinə dair verdiyi beynəlxalq qiymət seçkilərin tanınması üçün obyektiv bəyanatdır.
Onu da qeyd edək ki, ölkədə aparılan islahatlar mühüm xarakter daşıyır. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, o cümlədən digər dövlət orqanlarında yaranan arzuolunmaz mənzərənin aradan qaldırılması üçün mütəmadi kadr islahatları aparılır. Bu islahatlar prosesi Milli Məclisdən də yan keçə bilməzdi. Parlamentdə aparılan islahatların əsas mahiyyətlərindən biri də Milli Məclisin mənəvi cəhətdən qüsursuz olmasını təmin etmək idi.
Hazırda iqtisadi islahatların dərinləşməsi, siyasi sistemin gücləndirilməsi və milli dəyərlərimizin qorunması istiqamətində yeni qanunvericilik təşəbbüsləri irəli sürülür. Siyasi sistemi möhkəmləndirmək üçün siyasi islahatlar partiyalararası geniş dialoqlar aparılaraq həyata keçirilir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Xalqla daha sıx təmasda olaraq parlament iqtisadi sahədə görülən işlərlə bağlı öz rolunu artırmağa çalışır.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclər olduğunu nəzərə alaraq onların milli və vətənpərvərlik ruhunda tərbiyə alması, asudə vaxtlarının səmərəli təşkili və onların fəal işlərə cəlb edilməsi istiqamətində qanunvericilikdə yeni addımlar atılır. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir və radikalizmə qarşı mübarizə daha geniş aparılır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak edirlər.
Azərbaycan daxili siyasətlə yanaşı xarici siyasətdə də uğurlu nəticələr əldə etməkdədir. Ölkəmizin Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb.
Azərbaycan müsəlman aləmində və türkdilli dövlətlərlə əməkdaşlığı istiqamətində, o cümlədən qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlərdə böyük nüfuza sahibdir.
Bütün bunlarla yanaşı qarşıda çox mühüm vəzifələr durur. Bu hədəf və məqsədlərə çatmaq üçün cəmiyyətin hər bir üzvünün səylə çalışmasına ciddi ehtiyac var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.