Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “
Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda
“Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu” təşkil ediləcək.
Azadmedia.az xəbər verir ki, 16-19 iyun tarixləri aralığında keçiriləcək Forumda Türkiyənin televiziya rəhbərləri, tanınmış jurnalistləri, köşə yazarları – “Ülke TV”nin rəhbəri Həsən Öztürk, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Türkiyə” qəzeti yazarı Rahmi Ər, “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı, “KonTV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy iştirak edəcəklər.
Açılış nitqi “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, AYD sədri Sinan Burhan, Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı və Türkiyə səfiri Cahit Bağçı tərəfindən ediləcək Forumda panel müzakirələri təşkil olunacaq.
“Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” adlı birinci paneldə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər, “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı ikinci paneldə isə türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə ediləcək.
Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə Şuşaya səfər təşkil ediləcək. Səfərdə jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.