Məşhur Məmmədov,
Millət vəkili22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 147 il ötür.
Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub. "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Ulu öndər Heydər Əliyev tərəfindən mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Qəzet kağızına əlavə dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat məqsədilə bir sıra qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verildi
Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.
Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Media sahəsində islahatlar aparılır. Mən media cameəsindəki bütün vicdanlı, peşəsini sevən, dəyər verən media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Sözünüz kəsərli, qələminiz iti olsun, əziz media nümayəndələri! Milli Mətbuat gününüz mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.