Ceyhun Məmmədov,
Millət vəkiliCəbhədə baş verən son hadisələr bir daha göstərdi ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib. Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi ki, ən kiçik təxribatın qarşısı belə çox qətiyyətlə alınacaq. 44 günlük müharibədən əvvəlki dövrdə də Azərbaycan Ermənistana dəfələrlə eyni xəbərdarlıqları etmişdi. Ancaq Ermənistan nəticə çıxarmamışdı.
Son baş verən hadisələr bir daha təsdiq etdi ki, Ermənistan baş verənlərdən yenə nəticə çıxarmayıb, eyni yolda davam etmək niyyətindədir. Ermənistan təxribatlara son qoymayana kimi, vəziyyət belə davam edəcək. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir.
Son hadisələrdən sonra Ermənistan tərəfi gah Rusiyanı, gah da beynəlxalq qurumları Azərbaycanın “aqressiyası”nın qarşısını almamaqda ittiham edir. Belə çıxır ki, hamı günahkardır, Ermənistandan başqa. Heç şübhəsiz ki, bu xəstə təxəyyülün növbəti təzahürüdür. Ermənistan günahı yalnız özündə axtarmalıdır.
Baş verənlər həm də onu göstərir ki, Ermənistan heç zaman düzəlməyəcək. Dəmir yumruq hər zaman hazır olmalı, xalqımız birliyini və həmrəyliyini daima qorumalı, ölkə rəhbərliyi ətrafında sıx birləşməlidir. Cəbhədə uduzan ermənilər informasiya müharibəsində qələbə çalmağa, ölkədə ictimai-siyasi sabitliyi öz əlaltıları vasitəsilə müxtəlif yollara pozmağa davamlı cəhd edəcəklər.
Bu da məlum məsələdir ki, millətlərin başına gələn bir çox bədbəxt hadisələrin başında başıpozuqluq durur. Bunun baş verməməsi üçün hamımız çalışmalıyıq. Düşmənə heç bir fürsət verməməliyik. Gücümüz birliyimizdə və həmrəyliyimizdədir.
Beləliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu növbəti dəfə Ermənistan ordusuna layiqli cavab verdi, şəhidlərimizin qanı yerdə qalmadı. Allah Ali Baş Komandanı, rəşadətli Azərbaycan ordusunu və xalqımızı qorusun, birlik və həmrəyliyimiz əbədi etsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.