AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağır zərbədən sonra axtarılan sülh arayışları - İNCƏLƏMƏ...

  • + A
  • - A
  • 22-08-2022, 08:31

    Ağır zərbədən sonra axtarılan sülh arayışları - İNCƏLƏMƏ...


    Avqustun 19-da Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyevlə görüşü olub. Bu, ayın əvvəlində Laçında və ətraf ərazilərdə baş verən hərbi toqquşmadan sonra iki ölkə rəsmilərinin ilk rəsmi təmasıdır.

    Xatırladaq ki, avqustun 4-də Azərbaycan ordusu erməni silahlı dəstələri tərəfindən bir əsgərinin şəhid edilməsinə cavab olaraq “Qisas” əməliyyatı keçirmişdi. Pilotsuz uçuş aparatları və kiçik çaplı silahlarla həyata keçirilən əməliyyat zamanı qanunsuz silahlı birləşmələrin nəzarətində olan bir neçə strateji yüksəkliklər alınıb, habelə düşmənin hərbi hissəsi, çoxsaylı texnikası və hərbçisi məhv edilmişdi.

    Brüsseldə gerçəkləşən görüş bardə hələlik Bakıdan və İrəvandan açıqlama yoxdur, Klaar istə “Twitter”də bunları yazıb:

    “Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryanla Ermənistan-Azərbaycan münasibətləri və bu məsələdə Aİ-nin iştirakı mövzusunda yaxşı və məzmunlu müzakirələrimiz oldu”.

    Xatırladaq ki, daha əvvələ iyulun 27-ə təyin olunmuş Hacıyev-Qriqoryan görüşü baş tutmamışdı. Bakıdan bu barədə konkret açıqlama olmasa da, böyük ehtimalla buna Azərbaycan rəhbərliyinin Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvanda səsləndirdiyi bəyanatdan narazı qalması səbəb olmuşdu. Klaar bildirmişdi ki, Aİ Şurasının sədri Şarl Mişelin bəyanatlarında heç də bütün məsələlər əks olunmayıb, Qarabağın statusu, separatçı erməni icmasının sülh danışıqlarında mövqeyi hökmən nəzərə alınmalıdır. Prezident İlham Əliyev isə ötən həftə İsmayıllıya səfəri zamanı verdiyi bəyanatda Qarabağ ermənilərinə fərqli hər hansı hüquq tanınmayacağını, onların digər Azərbaycan vətəndaşların fərqlənmədiyini bəyan edib.

    Hazırda bölgədə vəziyyət bundan ibarətdir ki, üçtərəfli bəyanata uyğun olaraq Laçın şəhəri və ətraf kəndlər boşaldılır və yaxın müddətdə Rusiya sülhməramlıları yeni yola dislokasiya edilib əvvəlki Laçın dəhlizi Azərbaycana təhvil verilməlidir.

    Bu günlərdə Rusiyanın İrəvandakı səfirinin müavini Maksim Seleznyov bildirib ki, Rusiya sülhməramlıları yeni yol tam işə salınmadan mövcud Laçın dəhlizindən bir santimetr də çəkilməyəcəklər. Diplomat əlavə edib ki, bu barədə razılaşmalar var və tərəflər bir-biri ilə daim əlaqədədirlər.

    Seleznyov söhbətin hansı razılaşmalardan getdiyini deməyib: “Rusiya sülhməramlıları yalnız o vaxt yerlərini dəyişəcəklər ki, yeni Laçın dəhlizi açılacaq. Üçtərəfli bəyanatda atılacaq addımlar və onların ardıcıllığı göstərilib: əvvəlcə dəhlizin tikintisi başa çatdırılır, o istismara verilən kimi sülhməramlılar bu yolun beş kilometrlik zolağı boyunca yerləşdirilir”. Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində əvvəlcə avqustun əvvəlində baş verən gərginlikdən və Bakının irəli sürdüyü ultimatumlardan sonra Ermənistan-Azərbaycan gündəmində cərəyan edən proseslərə nəzər salıb:

    “Avqustun 25-də yeni Laçın yolunun istifadəyə verilməsi;

    Ermənistanın yüzlərlə hərbi qulluqçusunu Qarabağdan çıxarması və Zəngəzur dəhlizinə razılıq verilməsi barədə Azərbaycan Prezidentinin bəyanatı;

    Ermənistan Təhlükəsizlik Şurası katibinin sülh müqaviləsində “status” mövzusunun rədd edilməsi ilə bağlı bəyanatı;

    Azərbaycan və Ermənistan liderlərinin şəxsi nümayəndələrinin Brüsseldə görüşü;

    Ermənistan hökumətinin Azərbaycanla şərti sərhəddə keçid məntəqəsi tikmək qərarı. Bu bəyanatın məğzi hələlik tam aydın deyil;

    Avqustun sonunda Moskvada keçiriləcək üçtərəfli görüş haqqında məlumat Rusiya Xarici İşlər Nazirliyinin məlumatı.

    Xatırladım ki, Ermənistan və Azərbaycan mediası liderlərin həm Moskvada, həm də Brüsseldə görüşəcəyi haqqında yazıb”.

    Ekspert hesab edir ki, hazırda əsas məsələ yeni görüşün baş tutmasıdır, çünki iki ildən az müddətdə gündəmdə müxtəlif mövzularda müəyyən irəliləyişlər olub:

    “Əgər üçtərəfli bəyanatlarda yer almış öhdəliklərin yerinə yetirilməsi kontekstindən kənara çıxsaq, o zaman bu görüş Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarın qəbulu ilə əlamətdar olmalıdır. Dəhlizin maneəsizliyi və bu komponentin Laçın dəhlizinə giriş-çıxış rejiminə təsiri məsələsinin necə həll olunacağı maraq doğurur”.

    Politoloq əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması və sülh müqaviləsi ilə bağlı məsələlər yenilənib. “Yəni proseslər bir-birinə bağlıdır və buna görə də irəliləyiş “domino effekti” yarada bilər. Moskva üçün vacib olan üçtərəfli bəyanatda yer alan öhdəliklərin yerinə yetirilməsidir, məsələn, dəhlizin açılması. Üstəlik, Rusiya üçtərəfli hökumətlərarası komissiyanın üzvüdür. İkinci mühüm mövzu Ermənistan silahlı qüvvələrinin qalıqlarının hələ də Qarabağda olmasıdır. Azərbaycan nümayiş etdirdi ki, onların çıxarılması birinci dərəcəli həll olunmalı vəzifədir. Ermənistan üçün isə təxribatçıların İrəvana qaytarılması hər şeydən önəmlidir”, – deyə təhlilçi vurğulayıb.

    F.Məmmədovun sözlərinə görə, bütün bu məsələlər üçtərəfli bəyanatın icra olunması ilə bağlı mənfi ab-hava yaradır: “Liderlərin görüşündə dəhlizin açılması ilə bağlı qərarın razılaşdırıldığını elan etmək, habelə şəxsi heyətin və ağır silahların Qarabağdan çıxarılması qrafikini müəyyən etmək məntiqli olardı. Bunun qarşılığında erməni diversantların azad edilməsi də mümkündür.

    Brüssel üçün sülh müqaviləsi vacibdir. Bu, üçtərəfli bəyanatlarda yer almış öhdəlik deyil. Yəni bu, Rusiya ilə Aİ-nin eyni mövqedə olduğu mövzudur. Ona görə də Brüsseldəki görüş bu kontekstdə mühüm əhəmiyyət kəsb edir”.

    Politoloq bildirir ki, Bakı və İrəvanın danışıqların yeri ilə bağlı mövqeləri fərqlənmir: “Bu, doğru yanaşmadır, konkret mövzuda bir vasitəçinin inhisarçılığı yaradılmamaldır. Rusiya 2021-ci ilin ortalarından etibarən tək vasitəçi missiyasını birtəhər “unudub”, 2022-ci ilin mayında isə Aİ özündə belə təsəvvür yaradıb ki, “status” mövzusunu qaldıra bilər. Bu cür yanaşmalar hər iki tərəf üçün pis siqnaldır. Beləliklə, biz açıq və dinamik proseslərlə iki və ya daha çox vasitəçinin iştirakı ilə sülh gündəminin yaradılması imkanlarını gözləyirik. Təxribatlara çox az ehtimal var, hər iki ölkədə hakimiyyət legitim və stabildir”.

    F.Məmmədov vurğulayıb ki, Azərbaycan üçün təcil həll edilməli məsələlər sırasında Qarabağın maksimum silahsızlaşdırılması, Zəngəzur, Laçın dəhlizləri ilə bağlı problemlərin həlli və beş prinsipə əsaslanan sülh müqaviləsinin imzalanması durur: “Harada, hansı vasitəçi ilə qərar veriləcəyi vacibdir, amma həyatı əhəmiyyətli deyil. Axı masaların birində verilən qərar digərində nəticə əldə etmək üçün şərait yaradır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR