Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 24 avqustda Azərbaycana etdiyi rəsmi səfər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu və müxtəlif sahələr üzrə inkişaf etdiyini bir daha göstərdi.
İki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan və Qazaxıstan Prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri xüsusi rol oynayır. Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif etməsi dövlət başçımızın iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir.
Səfər zamanı Azərbaycan və Qazaxıstan arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu mühüm sənədlərin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açacaq. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”, “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu” münasibətlərin müxtəlif sahələrdə gələcək inkişafı baxımından xüsusilə əhəmiyyətlidir.
“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə artıq Azərbaycan və Qazaxıstanın sadəcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlər olduğunu təsdiq edir və strateji müttəfiqliyin dərinləşdirilməsini nəzərdə tutur. Orta Asiya regionunun aparıcı dövlətlərindən olan Qazaxıstanla strateji müttəfiqliyin dərinləşdirilməsi Azərbaycanın nüfuzunun Qafqaz bölgəsinin hüdudlarını aşdığına dəlalət edir. Xüsusən də Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd olunması xarici siyasətimizin növbəti uğurudur.
Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini inşa etməsi, Şuşa və Türküstanın qardaşlaşması dost ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsində, eləcə də 44 günlük Vətən müharibəsində zəfərimizin nəticələri ilə bağlı birmənalı olaraq ölkəmizin yanında olduğunun real və praktik təzahürüdür.
İkitərəfli formatdan əlavə, müxtəlif beynəlxalq təşkilat və çoxtərəfli platformalarda da əməkdaşlığımız möhkəmdir və beynəlxalq məsələlərdə mövqelərimiz üst-üstə düşür. Xüsusən, MDB və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq qurulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.