İyirmi ildən artıqdır Azərbaycanda yaşayan Fransa vətəndaşı Siril Rabbat Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanlayıb.
AzadMedia.az Trend-ə istinadən məlumatına görə, S.Rabbat qeyd edib ki, Fransa və Azərbaycan mədəniyyətini yüksək qiymətləndirən, Bakıdakı Fransız Liseyində təhsil alan azərbaycanlı həyat yoldaşı və uşaqları ilə birgə Azərbaycanda yaşayıb işləyir.
Onun sözlərinə görə, Prezident Emmanuel Makrona məktubu Azərbaycan neftinin və qazının Fransaya və Aİ-yə idxalına embarqo qoyulması məqsədilə noyabrın 15-də Fransa Senatında baxılacaq qətnamə ilə bağlı yazıb.
“Hörmətli cənab Prezident, mən siyasətdən danışmaq istəmirəm və bu sahədə mütəxəssis də deyiləm, lakin Ukraynadakı mövcud vəziyyəti və Rusiyanın neft və qaz idxalına qarşı sanksiyaları nəzərə alaraq, üstəgəl tezliklə qışın da gəldiyini nəzərə alsaq, indi belə sanksiyalar tətbiq etməyin vaxtıdırmı?”, - məktubda deyilir.
S.Rabbat Azərbaycandakı iş təcrübəsindən də danışıb, iqtisadiyyatın müxtəlif sahələrində iyirmi ildən artıq təcrübəyə malik olduğunu və son vaxtlar əsasən aqroturizm sektoru ilə məşğul olduğunu bildirib.
“Azərbaycan hökumətinin verdiyi stimullar, bu ölkədə işləməkdən irəli gələn sabitlik, təhlükəsizlik və tolerantlıq hissi ilə yanaşı, məndə Fransa-Azərbaycan əlaqələrinin güclənməsində iştirak üçün öz səviyyəmdə olsa da, daha çox pul, səy və vaxt sərf etmək istəyini yaratdı. Məgər Sovet İttifaqı dağılandan sonra Azərbaycanla diplomatik əlaqələr quran ilk ölkələrdən biri Fransa deyildimi?”, - məktubda qeyd edilir.
S.Rabbat qeyd edib ki, Fransanın Azərbaycan xalqının əhəmiyyətli bir hissəsinin qəlbində və şüurunda tutduğu münasibəti, yeri təsəvvür etmək mümkün deyil:
“Bizə, Azərbaycanda yaşayan Fransa vətəndaşlarına hər zaman xüsusi münasibət göstərilib və göstəriləcək, xüsusən də hansısa çətinlik baş verərsə. Mən bunu şəxsi təcrübəmdən təsdiq edə bilərəm”.
Sonda S.Rabbat Fransa Respublikasının dəyərlərinin qarantı kimi Prezident E.Makronu təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının qəlbində və şüurunda Fransaya qarşı olan hörmət hissini qorumağa çağırıb.