AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb

  • + A
  • - A
  • 21-11-2022, 22:47

    YAP fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb

    Güloğlan Cabbarlı,
    Avropa və Dünya çempionu

    Yeni Azərbaycan Partiyasının dövlətimizin tarixində və xalqımızın həyatında əhəmiyyəti çox böyükdür. Ölkəmizin düçar olduğu böhrandan xilas edilməsi, müasir Azərbaycanın qurulması, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi bilavasitə Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan ağır siyasi böhran dövlətçiliyimizi çətin təhlükə qarşısında qoymuşdu. Vətənin taleyini düşünən adlı-sanlı ziyalılar, tanınmış insanlar, nüfuzlu şəxsiyyətlər xalqının böyük öğlu, peşəkar siyasətçi Heydər Əliyev dühası ətrafında birləşərək Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu, bütövlükdə xalqımızın arzu və istəklərinin ifadəsi, tarixi bir hadisə idi.
    Bəlkə də, tarixdə belə bir hadisə olmayıb ki, yeni yaranan partiya qısa müddətdə YAP kimi böyük nüfuz sahibi olsun, xalqının etimadını qazansın. Yarandığı ilk gündən xalqımızın taleyini düşünən hər kəs Ulu Öndərin ətrafında sıx birləşmək amalı ilə Partiyanın sıralarına qatılırdı. Həmin insanlar əmin idilər ki, onun lideri yeganə xilaskar şəxsiyyətdir. Tarixin, proseslərin sonrakı gedişi, bu gün yaşadığımız qüdrətli Azərbaycanın mövcudluğu xalqımızın məhz həmin müdrik qərarının nəticələridir. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli və nailiyyətlərlə dolu uğurlu bir yol keçib. Heydər Əliyev Partiyanı inkişaf etdirdi, cəmiyyətimizin aparıcı siyasi qüvvəsinə çevirdi, dünənin, bu günün və sabahın partiyası səviyyəsinə qaldırdı. Xalqımız tərəfindən yendən hakimiyyətə gətirilən Heydər Əliyev ona göstərilən bütün etimadları şərəflə doğrultdu, xalqın inamını özünə qaytardı, dövlətin ətrafında onları inamla birləşdirdi, düşmənlərimizin ölkəmizlə bağlı xain planlarını alt-üst etdi, müasir, güclü Azərbaycan yaradaraq etibarlı, peşəkar əllərə ötürdü. Gələcək nəsillər bu gün bizim kimi, hər zaman Ulu Öndərə minnətdar olacaqlar, onun adını uca tutaraq ehtiramla yad edəcəklər.
    Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi də 30 il bundan əvvəl yaranan Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcəkdir. Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi inkişaf yolu, partiyanın ümummilli liderinin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi, dövlətçiliyimizin möhkəmlənməsinin və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsinin nəticəsidir ki, biz bu gün güclü, nüfuzlu bir dövlətə sahibik.
    YAP fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Ölkəmiz bu gün bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də ən yüksək səviyyədədir.

    Cənab İlham Əliyevin müəllifi olduğu "Düşünülmüş, sürətli və davamlı inkişaf" konsepsiyası qazanılan uğurun təminatçısıdır. Ölkə rəhbərliyinə başladığı ilk günlərdən yaradılmış təməl üzərində istehsalın artım sürətini yüksəldən dövlət başçısı Azərbaycanı ÜDM-nin artım tempinə görə dünya liderləri sırasına çıxarmışdır. Artıq ölkəmizdə güclü iqtisadi potensial formalaşdırılmış, Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilmişdir. İqtisadiyyatın strukturu müsbətə doğru dəyişmiş, çoxşaxəli iqtisadiyyata çevrilmiş, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir.
    Ulu Öndər Heydər Əliyev azərbaycanlı gənclərin SSRİ-nin ali məktəblərində təhsil almalarına xüsusi fikir verirdi.
    Ölkənin gələcəyi, cəmiyyətin sabahı bugünkü gənclərdən asılıdır. Dərin biliklərə yiyələnmiş, müasir dünyagörüşlü, vətənpərvər və bacarıqlı gənclərin tərbiyəsi Ümummilli Liderimizi daim düşündürmüşdür. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyinin hələ ilk dövrlərindən etibarən vətən övladlarının dövlət hesabına keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində nadir və gərəkli ixtisaslar üzrə təhsil almalarına şərait yaratmışdı. Şəxsi nüfuzundan istifadə edən Ulu Öndər ilbəil daha çox gəncin başqa şəhərlərə təhsil almağa göndərilməsinə nail olurdu. Həm də onlarla şəxsən görüşər, tövsiyə və fikirlərini çatdırardı. Moskvaya hər rəsmi səfərində, sonralar isə orada işləyərkən tələbə-gənclərlə görüşər, problemlərini həll edərdi. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Heydər Əliyevin oxutdurduğu və müxtəlif ixtisaslara yiyələnmiş gənclər xeyli kara gəldilər. Bu gün də onlar inkişaf və quruculuq proseslərində fəallıq göstərirlər.
    Prezident İlham Əliyev bu gün ölkə gənclərini dünyanın inkişaf etmiş ölkələrində oxudur.
    Azərbaycanın dünyaya getdikcə daha sıx inteqrasiya etdiyi bir vaxtda müasir düşüncə və təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsi vacib məsələdir.
    Bu, ölkəmizin bu günü üçün deyil, gələcək inkişafın davamlılığı sarıdan da vacibdir. Cənab İlham Əliyevin imzaladığı dövlət proqramına əsasən, təkcə 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gənc dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təhsil ocaqlarında prioritet ixtisaslar üzrə dövlət hesabına oxumuşdur.
    Ulu Öndər Heydər Əliyev mətbuat və söz azadlığını daim diqqət mərkəzində saxlayırdı. O, daim jurnalistlərlə görüşər, onların bütün suallarını cavablandırar, təklif və müraciətlərinə həssaslıqla yanaşardı.
    Heydər Əliyev dəfələrlə jurnalistləri əfv edərək vaxtından qabaq həbsxanadan qurtardı, dövlət məmurlarının qəzetlərlə bağlı məhkəməyə müraciətlərini geri götürdü, bir sıra mətbu orqanın mətbəələrə olan borcunu dondurdu, qəzetləri ƏDV-dən azad etdi. Ən önəmlisi isə, 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarətini ləğv edərək KİV-in mənəvi intibahını yaratdı.
    Prezident İlham Əliyev milli mətbuatın inkişafına xüsusi qayğı göstərir. O, qəzetlərin mətbəəyə borclarını bağışlamış, dəfələrlə redaksiyalara böyük məbləğdə maddi yardım göstərmiş, jurnalistləri fəxri adlar, dövlət mükafatları ilə təltif etmişdir. 2009-cu ildə müvafiq sərəncam imzalayaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaratdı və beləliklə, mətbuatın maddi intibahının əsasını qoydu. Bütün bunlara görə "Jurnalistlərin dostu" adına layiq görüldü.

    Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər YAP-ın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusilə də Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır.

    Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazanaraq xalqımızın ən müqəddəs arzusunu həyata keçirdi. "Dəmir yumruğ"u ilə düşmənin başını əzərək qarşısında diz çökdürdü, kapitulyasiya aktına qol çəkdirdi.
    Beləliklə, ikiəsrlik Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoydu.
    Bu gün isə Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesi uğurla davam edir.
    Böyük qayıdışa sürətli hazırlıq görülür.
    Bəli, Azərbaycan bütün uğur və nailiyyətlərə məhz Yeni Azərbaycan Partiyasının iqtidarı dövründə nail olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR