AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin QDF-in donorları ilə fikir mübadiləsi görüşü keçirilib

  • + A
  • - A
  • 26-11-2022, 14:22

    Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin QDF-in donorları ilə fikir mübadiləsi görüşü keçirilib

    Noyabrın 25-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin iştirakı ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.
    “İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı və reinteqrasiyası” mövzusunda təşkil olunan görüşdə Qarabağın bərpa və quruculuq prosesində biznesin rolu, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları arasında əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
    Zəngilan rayonunda Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini deyərək həmin ərazilərdə iri layihələrin həyata keçirildiyini söyləyib:
    “İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, iri infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən biri bu yaxınlarda Zəngilanın işğaldan azad edilməsi günündə cənab Prezident və Türkiyə Respublikası Prezidenti tərəfindən təntənəli açılış mərəsimi olan Zəngilan Beynəlxalq Hava Limanıdır. Bu, tək Zəngilan üçün yox, bütün region üçün çox böyük hadisədir.
    Məlum olduğu kimi, “Böyük Qayıdış” layihəsi çərçivəsində artıq 326 nəfər Ağalı kəndinə köçürülüb. Kəndə köçürülən əhali üçün şərait yaradılır, dövlət qurumları vasitəsilə infrastruktur obyektləri qurulur, müxtəlif layihə və tədbirlər həyata keçirilir. Onların məşğulluq məsələləri həll edilir. Hazırda Ağalı kəndi ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür.
    Bundan başqa Zəngilan rayonu ərazisində dörd su elektrik stansiyasının tikintisi davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun isə gələn ilin sonuna kimi tikintisinin yekunlaşacağı gözlənilir”.
    Vahid Hacıyev işağldan azad edilən ərazilərdə perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb:
    “Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada 5 istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı, logistika, turizm və “yaşıl enerji”. Zəngilan Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verəcək. Həm kənd təsərrüfatı, həm təbii ehtiyatların mövcudluğu, həm logistika və turizm, həm də “yaşıl enerji”dən söhbət gedir”.
    Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə geniş məlumat verib.
    Rəhman Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşılaşdığımız mənzərə ilə bağlı danışarkən qeyd edib ki, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı qələbə yalnız torpaqlarımızı düşmən işğalından azad etmədi, həm də ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı:
    “Torpaqların işğaldan azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini, regionun ekologiyasına böyük zərər vurulduğunu üzə çıxardı. Buna görə də dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər”.
    Daha sonra Rəhman Hacıyev Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr və PwC şirkəti tərəfindən keçirilən maliyyə auditinin nəticələri haqqında ətraflı məlumatı görüş iştirakçılarına təqdim etdi.
    Çıxışlardan sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərdiyi üçün “Caspian Event Organisers” şirkətinə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “İanə sertifikatı” təqdim olunub.
    Sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa və quruculuq prosesində şirkətlərin rolundan danışılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR