Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatların mühüm hissəsi kimi beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində, eləcə də regional və ixtisaslaşdırılmış beynəlxalq təsisatlarla yeni əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.
Bu sahədə həyata keçirilən kompleks tədbirlərin məntiqi davamı olaraq, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərdədir.
Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurluğunda görüş keçirilib. Tədbir zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdirildiyi xüsusilə qeyd olunub.
Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın gücləndirilməsi, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Kamran Əliyev 44 günlük Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqının ölkəmizə öz siyasi və mənəvi dəstəyinə görə minnətdarlığını bildirib, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma prosesində mövcud strateji əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Hakimlər və Prokurorlar Şurasının Təftiş idarəsinin rəisi Osman Nuri təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verəcəklərini xüsusi vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.
Sonda xatirə fotoşəkli çəkdirilib. Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.