Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türk qoşunlarının Suriyadan çıxarılmasını şərti adlandırıb. Onun sözlərinə görə, bunun üçün siyasi proseslərdə addımlar lazımdır.
“Əsgərlərimizin getməsi üçün siyasi prosesdə addımlar atılmalıdır. Boşluq varsa, terror təşkilatları onu doldurmamalıdır”, - deyə nazir jurnalistlərin Türkiyə Silahlı Qüvvələrinin Suriyada qalma müddəti ilə bağlı sualını cavablandırıb.
Azadmedia.az xəbər verir ki, bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyanın müdafiə naziri və kəşfiyyat rəhbəri Mahmud Abbas və Rafiq Şahada ilə görüşündə Türkiyənin Suriyadakı əməliyyatının yeganə məqsədinin terrorla mübarizə olduğunu bildirib. Türkiyə və Suriya tərəflərinin görüşü dekabrın 28-də Moskvada keçirilib. Türkiyə və Suriya nümayəndələri arasında 11 ildən sonra ilk dəfə rəsmi danışıqlar baş tutub.
“Əl Vətən” qəzetinin mənbəsi bildirib ki, Moskvada keçirilən üçtərəfli görüşdən sonra (Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə) Türkiyənin Suriyadan qoşunlarını – işğal etdiyi ərazilərdən tamamilə çıxarılmasına razılıq verdiyi açıqlanıb.
Qısa xatırlatma: Türkiyə-Suriya sərhədindəki münaqişə 2012-ci ilin oktyabrında Türkiyə tərəfinin sərhəddə baş vermiş insidentə cavab olaraq Suriya ərazisini atəşə tutması və artilleriya mərmilərinin düşməsi nəticəsində 5 nəfərin həlak olması ilə başlayıb.
2019-cu ilin oktyabrında Türkiyə Suriyada “Sülh çeşməsi” əməliyyatına başladığını elan etdi. Əməliyyat Türkiyənin terrorçu hesab etdiyi kürd silahlı qruplaşmalarına, həmçinin Suriya Demokratik Qüvvələri koalisiyasına qarşı yönəlib. Əməliyyatın məqsədi Suriyanın şimalında bir vaxtlar Türkiyədə sığınacaq tapmış 2 milyona qədər suriyalı qaçqının yerləşdirilə biləcəyi bufer zona yaratmaq olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.