AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakimliyə namizədlərin tədris kursu hüquq sistemimizdə Heydər Əliyev dühası mövzusu ilə başladı

  • + A
  • - A
  • 18-01-2023, 00:07

    Hakimliyə namizədlərin tədris kursu hüquq sistemimizdə  Heydər Əliyev dühası mövzusu ilə başladı

    Ölkə Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə ayrılmış 200 hakim ştatının doldurulması ilə bağlı hakimliyə namizədlərin fasiləsiz seçimi davam edir.
    Hazırda 300-dən çox namizəd müsabiqənin müxtəlif mərhələlərindədir, o cümlədən uğur qazanmış 33 nəfər Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursuna buraxılıb.
    Yanvarın 17-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə həmin kursun açılışı olub. Nazir mütərəqqi məhkəmə-hüquq islahatlarının mahiyyətinə dair geniş mühazirə ilə çıxış edib.

    Bildirib ki, 2023-cü il dövlət başçısı tərəfindən Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilərək Ulu Öndərin zəngin irsinə və misilsiz xidmətlərinə həsr olunan silsilə tədbirlər keçirilir.
    Ölkəmizdə elə bir sahə yoxdur ki, orada dahi Heydər Əliyevin dühası hiss olunmasın. Müasir məhkəmə-hüquq sisteminin formalaşması və inkişafı da məhz Ümummilli Liderin adı ilə bağlıdır.
    Ulu Öndərin müəllifliyi ilə ilk milli Konstitusiya qəbul olunaraq bütün sahələrdə islahatlar aparılması üçün müvafiq komissiyalar yaradılıb və Heydər Əliyev hüquqi islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürüb.
    Nazir hüquq sistemimizin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunların qəbulu, müasir üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və digər mütərəqqi tədbirlərin dahi öndərin misilsiz fəaliyyətinin təzahürü olduğunu, 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçkisi aparılaraq hakim korpusunun 60 faiz təzələndiyini bildirib. Heydər Əliyevin həmin il Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda söylədiyi "biz Azərbaycanın məhkəmə sistemini tamamilə müasir səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu" – tarixi çıxışını xatırladıb.
    Eyni zamanda, Ümummilli Liderin humanizm siyasətindən bəhs olunaraq qeyd edilib ki, dahi öndər Heydər Əliyevin insan hüquqları sahəsində atdığı ən mühüm addımlardan biri 1998-ci ildə ölüm cəzasının Şərqdə ilk dəfə Azərbaycanda ləğv edilməsi olmuş, əfv və amnistiya institutları bərpa edilərək geniş tətbiqinə başlanılmışdır.
    Tədbirdə Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisindən danışan nazir bu gün ölkəmizin özünün ən qüdrətli dövrünü yaşadığını, Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad olunması ilə Ümummilli Liderin ən ümdə vəsiyyətinin reallığa çevrildiyini və xalqımızın Zəfər salnaməsinin yazıldığını bildirib.
    Qeyd edib ki, azad edilmiş torpaqlarımız dövlətimizin iqtisadi gücü hesabına sürətlə bərpa olunur, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmin ərazilərə müntəzəm səfərlər edərək mühüm infrastruktur layihələri gerşəkləşdirilir, həmvətənlərimiz öz dədə-baba yurdlarına dönürlər.
    Dövlət başçısının təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı tədbirlər görülür, habelə nazirlik tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunur.
    F.Məmmədov ölkə Prezidentinin mühüm "yol xəritəsi" olan 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə-hüquq islahatlarının yeni mərhələyə yüksəldiyini vurğulayıb, onun icrası üzrə görülən işləri, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyini, yeni ixtisaslaşmış məhkəmələrin təsis edildiyini, infrastrukturun müasirləşdirilərək paytaxtda və bölgələrdə yeni məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini, onların əksəriyyətinin məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən dövlət başçısı tərəfindən şəxsən açılışının həyata keçirildiyini bildirib. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemi tətbiqi olunmaqla yüksək texnoloji hi-tech məhkəmələrin yaradıldığı, hakimlərin müstəqilliyinin və təminatının gücləndirildiyi qeyd olunub, həyata keçirilən islahatların və tətbiq olunan yeniliklərin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təqdir olunduğunu vurğulanıb.
    Diqqətə çatdırıb ki, ədalət mühakiməsinin səmərəliliyi, vətəndaşların məhkəmələrə inamı və etimadı bilavasitə hakimlərin fəaliyyətindən asılıdır. Bu mənada hakimlərin yüksək nəzəri biliyi və peşə hazırlığı ilə yanaşı, məhkəmə sistemində həmçinin, mənəvi cəhətdən saflığı, ədalətliliyi və qərəzsizliyi, insanlara qayğılı münasibəti ilə fərqlənən şəxslər təmsil olunmalıdır. Bununla bağlı dövlət başçısının tövsiyələrini xüsusilə diqqətə çatdıran nazir namizədlərə uğurlar arzulayıb.
    Tədris kursunun ilk günündə həmçinin, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev məhkəmə hakimiyyəti və onun hakimiyyətin digər qolları ilə qarşılıqlı əlaqəsi, hakimin statusu mövzusunda namizədlər qarşısında çıxış edib, onlara zəruri tövsiyələr verib.
    Bununla yanaşı, Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının üzvü, hüquq elmləri doktoru Nizami Səfərovun “44 günlük Vətən müharibəsi və beynəlxalq humanitar hüquq” mövzusunda mühazirəsi dinlənilib.
    Kurs zamanı nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə namizədlərə hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, Avropa Məhkəməsinin presedent hüququ, müasir İKT-lərdən istifadə bacarığı və digər aktual mövzular tədris olunacaq. Onların həmçinin məhkəmələrdə staj keçmələri və xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmələri nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR