"Bu gün Tehranda Azərbaycan səfirliyinə hücum İranın son dövrlər Azərbaycana qarşı nümayiş etdirdiyi dekonstruktiv münasibətin davamı kimi qiymətləndirilməlidir. Bu hadisə molla rejiminin Ermənistana hərtərəfli dəstək verməsinin, Azərbaycan xalqına və dövlətinə nifrət bəsləməsinin daha bir bariz nümunəsidir".
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Deputat qeyd edib ki, İran daim terrora dəstək verən ölkə kimi tanınıb və bu gün də belədir. İran hakimiyyəti isə terrorçuluğun qarşısının alınması üçün heç bir konkret addım atmır. Azərbaycan səfirliyinə edilən silahlı basqın isə əvvəlcədən məqsədli şəkildə planlaşdırılmışdı. Molla rejimi ölkəmizə qarşı bu hücumun qarşısını almaqdan ötrü əvvəlcədən tədbir görməli idi. Çünki bu ölkədə Azərbaycana qarşı təhdidlər son dövrlər daha da artmışdı və bu, hətta dövlət səviyyəsində həyata keçirilirdi, nə vaxtsa belə bir hadisənin baş verəcəyini güman etmək olardı. İran mətbuatının anti-Azərbaycan təbliğatı, sərhədlərimizdə hərbi təlimlərin keçirilməsi, son olaraq bu gün törədilən terror aktı molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır.
A.Vəliyev bildirib ki, baş verən hadisəyə görə bütün məsuliyyət Tehran hakimiyyətinin üzərinə düşür. Çünki Vyana Konvensiyasına əsasən, hər bir dövlət öz ərazisində yerləşən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Görünən odur ki, Azərbaycana olan münasibət İran hökumətinin bu məsələyə laqeyd yanaşmasına gətirib çıxardı. İndi isə baş vermiş cinayət obyektiv araşdırılmalı, terror aktını planlaşdıran, həyata keçirən qüvvələr tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməlidir.
“Diplomatik nümayəndəliyimizə qarşı həyata keçirilən bu xain hücumu qətiyyətlə pisləyir və bildirirəm ki, belə mənfur əməllər dövlətimizi tutduğu doğru yoldan döndərə, ədalətli mübarizəsindən çəkindirə bilməyəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.