Gecə İranda baş verənlər güman ki, yoxlama məqsədli idi - Azadmedia az politoloq Şahin Cəfərlinin şərhini təqdim edir...İran HHM sistemlərinin reaksiyasını ölçmək, bəlkə də yerlərini dəqiqləşdirmək, İran komandanlığının bu tip situasiyalara ümumi hazırlıq səviyyəsini test etmək kimi məqsədlər qarşıya qoyulmuş ola bilər. Aydındır ki, genişmiqyaslı hava hərəkatına qərar veriləndə əvvəlcə düşmənin bu hücumlardan müdafiə sistemləri sıradan çıxarılır ki, aviasiya nəzərdə tutulan hədəflərə rahat zərbələr endirə bilsin.
İranın nüvə və raket proqramlarını dayandırmaq üçün siyasi-diplomatik vasitələr tükənmək üzrədir. Bayden administrasiyasının İranla anlaşma yönündəki cəhdləri iflasa uğradı. Rejim nəinki bu məsələdə konstruktivlik nümayiş etdirmədi, üstəlik, Ukrayna müharibəsində Rusiyanın yanında yer aldı.
İrandakı son prezident və parlament seçkilərində islahatçı qanadın diskvalifikasiya edilərək icra və qanunvericilik səviyyəsində qərarların qəbulu prosesindən tamamilə kənarlaşdırılmasından sonra sistemin sərtləşəcəyi və öz içinə qapanacağı məlum idi. Bu seçkilərin nəticəsində müəssəs-nizamın seçkili dövlət institutları (prezident, parlament) ilə bütünləşməsi baş verdi və sistem islahatçıları dövlət içərisində marginallaşdırdı. İnqilab Keşikçiləri Korpusunun təsir gücü artdı. Bu isə öz növbəsində siyasətin radikallaşmasına gətirib çıxardı.
Məntiqlə, ABŞ-dakı demokrat administrasiya ilə anlaşıb, embarqoların bir qisminin ləğvinə nail olmaq, Ukrayna müharibəsi dövründə isə bazara mümkün qədər çox neft-qaz çıxarıb Rusiyanın boşluğunu doldurmaq və Qərb üçün qiymətli tərəfdaşa çevrilmək şansı olduğu halda, rejim bunun tam əksini seçdi. Bu, kənardan məntiqsiz və irrasional yol kimi görünür, amma nəzərə almaq lazımdır ki, bu tip rejimlər özünüqoruma instinkti ilə hərəkət edir və onların öz məntiq şkalası var. Şimali Koreya rejimi kimi, vilayəti-fəqih teokratiyası da öz mövcudluğunu qorumağın yeganə üsulu kimi çox güclü hərbi çəkindiricilik amilini ən yuxarıya qoyur, bu məqsədlə nüvə proqramından vaz keçmir.
Belə olan halda, İsrailin özü üçün ekzistensial təhdid saydığı İranın nüvə və raket silahlanması proqramlarını dayandırması üçün hərbi variant getdikcə daha çox ağırlıq qazanır.
Amma İran kimi böyük ölkəyə qarşı quru əməliyyatlarının keçirilməsi və bunun nəticəsində ölkənin xarabazara çevrilməsi, qaçqın axınlarının baş verməsi kimi apokaliptik ssenarilər az ehtimal olunandır. Hərbi əməliyyata qərar verilərsə, pilotlu və pilotsuz aviasiya ilə yalnız hərbi obyektlərə nöqtə zərbələri endirilməsi ehtimalı daha yüksəkdir. Təbii ki, bu cür əməliyyat da ciddi eskalasiya ilə nəticələnəcək, İran ilk hücumlardan qoruya bildiyi raketləri ilə İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməyə çalışacaq, Orta Şərqdəki proksi güclərini hərəkətə keçirəcək.
Bir sözlə, bölgəmizin dinc dövrləri arxada qalıb...
Qeyd: Məqalə politoloqun facebook səhifəsindən götürülüb.