Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının Qazaxıstanda keçiriləcək iclasında iştirak edəcək. Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də Almatıya yola düşəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2023-cü il fevralın 2-3-də Almatıda keçiriləcək.
Aİİ ölkələrinin hökumət başçıları və Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri ilə yanaşı, Aİİ-də müşahidəçi dövlətlərin nümayəndələri, MDB-nin baş katibi və Avrasiya İnkişaf Bankının, Avrasiya Sabitləşdirmə Fondunun rəhbərləri də tədbirə dəvət olunub.
Hökumətlərarası Şuranın iclasının gündəliyinə ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektri daxildir.
Fevralın 3-də Aİİ ölkələrinin baş nazirləri illik Digital Almatı forumunun plenar iclasında iştirak edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.