Yanvarın 31-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunan Debat Raundu keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və gənclər iştirak edib.
Açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova qonaqları və gəncləri salamlayıb və Gənclər günü münasibətilə təbrikini qeyd edib. Həmçinin, 2023-ci il ərzində təşkilatın fəaliyyət planı və yeni layihələrini təqdim edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Müşfiq Cəfərov gəncləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edib, günün əhəmiyyətini vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə təcrübəli debatçılar Yunis Məmmədli, Gülər Adıgözəlli, Süsən Məmmədli, Əli İsgəndərli “Gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətlərinin inkişaf etdirilməsi və əlçatanlığının artırılması” mövzusunda Parlament Debatı formatında öz arqumentlərini səsləndiriblər.
Daha sonra “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində il ərzində ən fəal gənclər Gənclər Günü münasibəti ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubu özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.