Fevralın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları salamlayaraq, dövlətlərimiz arasındakı əlaqələrin günbəgün möhkəmləndiyini deyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin güclənməsində hər iki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın önəmli rol oynadıqlarını vurğulayıb, həmçinin ölkələrimiz arasında olan birliyin hər zaman örnək olduğunu bildirib.
Komitə sədri hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əməkdaşlığın güclənməsində rolundan danışıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin iki qardaş ölkə arasında münasibətlərin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstəkdən söhbət açaraq, dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu deyib.
Qənirə Paşayeva Türkiyə ilə ortaq tarixə, mədəniyyətə sahib olduğumuzu vurğulayaraq, rəhbərlik etdiyi Mədəniyyət komitəsinin mədəni əlaqələrimizin genişləndirilməsi istiqamətində çalışdığını qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü ifadə edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş dövlətlərimiz arasında möhkəm əlaqələrin olduğunu qeyd edib. O, nümayəndə heyətinin ölkəmizə səfəri zamanı keçirdiyi bütün görüşlərdən xoş təəssüratlarını çatdırıb.
Şamil Ayrım 2023-cü ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini vurğulayaraq, bu əlamətdar hadisə ilə əlaqədar Türkiyədə də bir sıra tədbirlərin keçiriləcəyini bildirib.
Şamil Ayrım Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra imzalanmış Şuşa Bəyannaməsinin müttəfiqliyimizin bariz nümunəsi olduğunu bildirib. O, Azərbaycanın torpaqlarının azad olması uğrunda apardığı mübarizəni təqdir edərək, Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini deyib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Sabir Rüstəmxanlı, Aqil Abbas, Cavanşir Feyziyev, Razi Nurullayev, Ülviyyə Ağayeva Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələrinin bütün müstəvilərdə inkişaf etdiyini bildiriblər. Millət vəkilləri parlamentlərimiz arasında əməkdaşlığın getdikcə daha da möhkəmləndiyini, dostluq qrupları, komitələr çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq etdiklərini söyləyiblər. Deputatlar əlaqələrin gücləndirilməsində nümayəndə heyətlərimizin səfərlərinin, aparılan danışıqların əhəmiyyətindən bəhs ediblər.
Türkiyə nümayəndə heyətinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca Türkiyə və Azərbaycan arasında ölkələrarası və parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Qonaqlar təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımlardan söhbət açıblar.
Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.