Şimali Koreya lideri Kim Çen In ölkədə hərbi güclənmənin görünməmiş tempinə çağırıb. CTC-nin məlumatına görə, o, belə bir bəyanatla daha əvvəl baş tutan hərbi paradın iştirakçıları ilə fotosessiya zamanı çıxış edib.
Kim Çen In KXDR-in çiçəklənməsinin “güclü ordudan” asılı olduğunu vurğulayaraq qeyd edib ki, “insan öz ləyaqətini və şərəfini yalnız güclü olduqda nümayiş etdirə bilər”. Şimali Koreya liderinin sözlərinə görə, güclü ordu olmadan ölkənin iqtisadi çiçəklənməsi “sadəcə ilğımdır”.
O, əlavə edib ki, “gedərək artan qəddar imperialist zülmün” yatırılması onun ordusunun “keçmişlə müqayisə olunmayacaq dərəcədə sürətlə güclənməsini” tələb edir.
Kim həmçinin hərbi parad iştirakçılarını "tarixdə xüsusi qeyd edilməli" hadisə kimi qiymətləndirib.
Azadmedia.az xatırladır ki, Fevralın 8-də Pxenyanda Koreya Xalq Ordusunun (KXO) yaradılmasının 75 illiyi şərəfinə bayram tədbirləri keçirilib. Günün əsas hadisəsi Kim İr Sen meydanında keçirilən hərbi parad olub. Paradda “Hwaseong-17” də daxil olmaqla qitələrarası ballistik raketlərdən ibarət karvan iştirak edib, yeni tanklar, çox böyük reaktiv yaylım atəşi sistemləri və 152 mm-lik özüyeriyən artilleriya qurğuları da görülüb.
Bir gün əvvəl Kim Çen In qızını Koreya Xalq Ordusunun generalları ilə görüşə aparmışdı. KXDR rəhbəri hərbçilərin olduğu “otel”ə gəlib. Onu dərhal yüksək rütbəli komandirlər qarşılayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.