Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və Məhkəmə islahatları daim davam edən prosesdir. Vəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılmışdır.
Azadmedia.az xəbər verir ki, bu fikirlər Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən səsləndirilib. F. Məmmədov qeyd edib ki, məhkəmələrin 80%-ə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, məhkəmə islahatlarımız beynəlxalq aləmdə də təqdir olunur, - deyən nazir, ölkəmizin bu sahədə nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" mükafatına layiq görüldüyünü, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi üzrə layihələrimiz ən uğurlu layihələr kimi müxtəlif nominasiyalarının qalibi olmasını diqqətə çatdırıb və qeyd edib ki, öz şəffaflığı ilə fərqlənən hakimlərin seçimi prosedurumuz isə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilmişdir.
Məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlərin tənzimlənməsində Azərbaycan Ali Məhkəməsi fəal iştirak edir:
"Ali Məhkəmənin sədri, habelə məhkəmənin 2 hakimi Məhkəmə-Hüquq Şurasının, daha 2 hakimi isə Hakimlərin Seçki Komitəsinin üzvü olmaqla bu sahədə qərarların qəbulunda birbaşa iştirak edirlər. Komitənin ilk sədri də məhz Ali Məhkəmənin hakimi seçilmişdir.
Bununla yanaşı hakimlərin məsuliyyət hissinin artırılmasında Ali Məhkəmə mühüm rola malik olmaqla məhkəmə səhvlərinin profilaktikasında prinsipial və təsirli mövqe göstərir, kobud pozuntulara qarşı intizam icraatını təşviq edir, digər tədbirlər görür.
Məhkəmə islahatları daim davam edən prosesdir"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.