Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov 20-21 mart 2023-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərində səfərdə olub.
İnzibati Kollegiyanın sədri səfər çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Türkiyə Respublikası Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit və Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinlə görüşlər keçirib.
Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin, xüsusilə də inzibati məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
Xəqani Məmmədov Türkiyə Respublikası məhkəmə sisteminin hər üç yüksək vəzifəli şəxsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.
Görüşlərdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.