Ceyhun Məmmədov,
Millət vəkiliÖtən ay Türkiyədə on minlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ baş verdi. Zəlzələnin ilk saatlarından Azərbaycan hökuməti və xalqı qardaş ölkəyə öz yardımını göstərməyə başladı. Dünyanın əksər ölkələrindən xilasedicilər gəlməsinə baxmayaraq, Azərbaycan göndərdiyi xilasedicilərin sayına görə birinci sırada idi. Bu dəstək nəticəsində dağıntılar altında qalanların çıxarılması üçün böyük səy göstərən xilasedicilərimiz tərəfindən 53 nəfər sağ çıxarıldı, 780 nəfərin isə cansız bədəni aşkar edildi.
Mənəvi dəstəkdən əlavə Azərbaycan qardaş Türkiyə üçün öz maddi dəstəyini də əsirgəmədi. Zəlzələnin ilk anından bu günə qədər 45 milyon dollardan artıq vəsait Türkiyədəki faciə üçün köçürülüb. İki ölkə arasındakı münasibət hər zaman yüksək səviyyədə olub. Elə yaxın keçmişdə, II Qarabağ müharibəsi zamanı Türkiyənin müharibənin ilk günündən Azərbaycanın haqq səsinə dəstək verməsi bunun bir nümunəsidir. Bu əlaqələrin davamı olaraq 2021-ci ildə Qarabağın mədəniyyət paytaxında – Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb.
Türkiyənin bu gün inkişaf edən hərbi gücünün, artan xarici siyasətinin əsas səbəblərindən biri Rəcəb Tayyib Ərdoğan kimi güclü liderə sahib olmasıdır. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türk dünyasının güclənməsi istiqamətində davamlı olaraq müxtəlif işlər görülür.
I Qarabağ müharibəsindən sonra işğal edilmiş ərazilərimiz viran edilmiş, kənd, şəhər, tarixi və dini abidələrimiz dağıdılmışdır. 4 minə yaxın vətəndaşımızı əsir götürərək işgəncələrə məruz qoyan Ermənistan bununla da kifayətlənməyərək işğal edilmiş ərazilərdə on minlərlə mina basdırmışdır. Bu vəhşiliyin nəticəsi olaraq 44 günlük Vətən müharibəsindən sonra 300 nəfərə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.
Ermənistanın çirkin əməlləri yalnız Qarabağ və Şərqi Zəngəzurda baş verməyib, həmçinin onlar ötən əsrin birinci yarısından başlayaraq Azərbaycanlıları Qərbi Azərbaycandan sıxışdırıb çıxarmağa başlayıblar. Bu deportasiyanın nəticəsi olaraq 1991-ci ildən sonra indiki Ermənistan ərazisində heç bir azərbaycanlı qalmamışdır. İnsanları deportasiya etməklə kifayətlənməyən Ermənsitan öz vəhşiliklərini göstərərək Qərbi Azərbaycanda da yerləşən tarixi və dini abidələrimizi dağıdıblar.
Hal-hazırda Azərbaycan hökuməti məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün böyük səylə çalışır. Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri yüksək səviyyədə aparılır. Bu ərazilərdə bərpa işlərinə yerli şirkətlərlə yanaşı xarici şirkətlər, investorlar da cəlb edilir. Artıq müəyyən mərhələlərlə insanların işğaldan azad edilmiş ərazilərə qayıtması prosesi başlayıb və davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.