Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündəki çıxışında qeyd etmişdir ki, Azərbaycan Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəni nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən planlarımızın tamamilə dəstəklənməsi, bu qurumla Azərbaycanın Energetika nazirliyi arasında başlanılmış enerji dialoqu kimi mühüm amillər birmənalı olaraq nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə təbii qaz qədər əhəmiyyətə malik olacaqdır.
Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə ciddi əməkdaşlıq edir və 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamasının əyani sübutudur. Burada bir sıra rəqəmlərə müraciət etmək yerinə düşər. Keçən il Azərbaycandan ixrac edilən 19 milyard kubmetr təbii qazdan 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur.
Bundan əlavə, Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, Azərbaycanın kəmər imkanlarının genişləndirməsi üzrə fəaliyyət həyata keçirilir. 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır. Həmçinin 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin də genişləndırılməsinə ehtiyac var.
Qeyd edilənlər bir daha nümayiş etdirir ki, dünyada cərəyan edən qlobal proseslər fonunda Azərbaycan Avropa üçün enerji sektorunda ən etibarlı tərəfdaşdır.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.