AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə prezidentliyə namizədlər dəqiqləşdi

  • + A
  • - A
  • 27-03-2023, 22:56

    Türkiyədə prezidentliyə namizədlər dəqiqləşdi

    Tanınmış politoloq Şahin Cəfərli yazır:
    Türkiyədə prezidentliyə namizədlər dəqiqləşdi: Ərdoğan, Kılıçdaroğlu, İncə və Oğan.

    Mayın 14-nə qədər mövcud güc balansını hakimiyyət lehinə kəskin dəyişdirəcək hansısa ciddi bir fors-major olmasa, prezident Ərdoğanın ilk turda qələbə şansı görünmür.

    İlk turda qələbə şansı olan yeganə namizəd Kamal Kılıçdaroğludur. Lakin...

    Digər iki namizəd – Muharrem İncə və Sinan Oğan yaxşı kampaniya aparıb, yüksələn trendə nail olsalar, seçki 2-ci tura qalacaq. Bugünkü tabloda görünən odur ki, 2-cu turda ikili bir yarışda Kılıçdaroğlu rahat qazanır. Lakin...

    Əgər parlament seçkilərində Cumhur İttifaqı mövcud çoxluğunu qoruyarsa, prezident seçkilərinin 2-ci turu ərəfəsində həm müxalif seçicilərin demoralizasiyası, həm də bir çox seçicinin “parlament Cumhur İttifaqının nəzarətindədirsə, prezidentin də bu ittifaqdan olması sabitlik baxımından məqsədəuyğundur, əks halda ölkədə xaos yaranar” deyə düşünməsi səbəbi ilə Ərdoğan qalib gələ bilər. Digər tərəfdən, seçki 2-ci tura qalarsa, iki həftəlik dövrdə çox şey baş verə bilər: istər-istəməz 2015-ci ildə iki seçki arasında baş verən şübhəli terror aktları yada düşür...

    Bu baxımdan Millət İttifaqı gücünün və imkanlarının maksimumunu ortaya qoyub, prezident seçkilərinin ilk turunda nəticə əldə etmək məcburiyyətindədir. Amma parlament seçkilərində müxalifət qalib gələrsə və Cumhur İttifaqı azlığa düşərsə, bu halda 2-ci tur ərəfəsində nə baş verirsə versin, Kılıçdaroğlu yarışın açıq favoriti olacaq.

    Bugünkü mənzərəyə əsasən qənaətim budur ki, parlament seçkilərində iki ana ittifaqın da TBMM-də çoxluğa (azı 301 yer) nail olması çox çətindir. (Təbii ki, seçkiyə qədər vəziyyət dəyişə bilər.) Bu halda Yaşıl Sol Partiyanın (HDP) yaratdığı Əmək və Özgürlük İttifaqı açar güc halına gələrək həm TBMM rəhbərliyinin formalaşdırılması, həm də qanunların qəbulunda - ümumilikdə Türkiyə siyasətində söz sahibi olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR