Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə sadiqdir və bu baxımdan sərhədlərin mühafizəsi və təhlükəsizliyi də xüsusi əhəmiyyət kəsb edir. Azadmedia.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında bildirilib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan sərhəd təhlükəsizliyinə xüsusi diqqət yetirir.
“44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Hazırda dövlətimizin sərhədlərinin mühafizəsinin yeni üsullarının tətbiqi istiqamətində işlər aparılır”, - deyə Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, sərhəd xidmətinin təşkili, təhlükəsizliyin real çağırışlara əsaslanaraq təmin edilməsi böyük əmək tələb edir və MDB ölkələrinin müvafiq strukturları bu vəzifənin öhdəsindən uğurla gəlir.
Prezidentin köməkçisi MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının fəaliyyətinin gələcəkdə də Birlik dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.