İsveç hökuməti bazar günü Stokholmun əsas məscidi qarşısında Quranın yandırılmasını pisləyib və bunu "islamofobik" hərəkət adlandırıb. AFP agentliyi xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz heç bir halda İsveç hökumətinin fikirlərini əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, - nazirlik əlavə edib.
Xarici İşlər Nazirliyinin açıqlaması Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəni Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.
“Fövqəladə” iclasdan sonra yayılan bəyanatda deyilir ki, İƏT üzv dövlətləri Quranın “nüsxələrinin təhqir edilməsi hallarının təkrarlanmasının qarşısını almaq üçün vahid və kollektiv tədbirlər görməyə” çağırıb.
"Qurani-Kərimin və ya hər hansı digər müqəddəs mətnin yandırılması təhqiramizdir, hörmətsizlik və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün təzahürlərinə nə İsveçdə, nə də Avropada yer yoxdur", - İsveç Xarici İşlər Nazirliyi bildirib.
Eyni zamanda departament əlavə edib ki, İsveçin "konstitusiya ilə qorunan toplaşma, ifadə və nümayiş azadlığı hüququ" var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.