Azərbaycan prezidenti İlham Əliyev ərazi bütövlüyünün qarşılıqlı tanınmasının mümkünlüyünü istisna etməsə də, ictimaiyyət qarşısında bununla razılaşmayıb. Bunu “Euronews” telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Brüsseldə prezident Əliyevlə görüşdə belə bir anlaşdıq ki, biz Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə razılaşmalıyıq. İndiyə qədər Azərbaycan prezidenti bizim razılaşmamızı açıq şəkildə təsdiq etməyib, lakin o da bunu istisna etməyib”.
İyulun 25-də Paşinyan mətbuat konfransı zamanı bəyan edib ki, Bakı ilə dialoq yaranarsa, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalana bilər. Onun sözlərinə görə, çətin ki, sazişdə Dağlıq Qarabağla bağlı hər iki tərəfə yaraşan bənd olacaq.
Bundan əvvəl Ermənistanın baş naziri bildirib ki, İrəvan və Bakı hələlik ölkələr arasında sülh müqaviləsi layihəsi üzrə vahid razılığa gəlməyib. Onun sözlərinə görə, müqavilə üzrə işlər davam edir.
İyulun 22-də Paşinyan Azərbaycanla danışıqlarda Ermənistanın “qırmızı xətlərini” açıqlayıb. Ermənistan lideri qeyd edib ki, respublikanın hakimiyyət orqanları Bakı ilə danışıqlar prosesində öz suverenlikləri və Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.