Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı keçirilən iclasında humanitar məsələlərin siyasiləşdirilməsinin əleyhinə çıxış edib və Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əvəzinə beynəlxalq strukturlara müraciət praktikasını pisləyib. O vurğulayıb ki, Qarabağ ətrafında gərginliyin aradan qaldırılması üçün Ağdam-Xankəndi yolu işə salınmalıdır.
Rusiya tərəfi Azərbaycanın Qarabağ iqtisadi rayonunu humanitar yardımla təmin etmək üçün Ağdam-Xankəndi yolunun açılmasının tərəfdarıdır. Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib.
Polyanski bildirib ki, iyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşündə Ağdam-Xankəndi yolunun açılmasını Rusiya xarici işlər naziri Sergey Lavrov şəxsən təklif edib. Diplomat vurğulayıb ki, Rusiya bunu Ermənistan-Azərbaycan münasibətlərində gərginliyi azaltmaq üçün real kompromis kimi görür.
Polyanski aydınlaşdırıb ki, Moskvanın təklifi Qarabağa mülki əhalinin və hərbi təyinatı olmayan malların gətirilməsi üçün Laçın yolu ilə Ağdam-Xankəndi yolunun eyni vaxtda istismarından ibarətdir. O, bu hadisənin Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında birbaşa qarşılıqlı əlaqənin başlanmasını sürətləndirəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Dmitri Polyanski öz çıxışında heç vaxt Qarabağdakı separatçı layihəni qeyd etməyib, yalnız “Qarabağın erməni əhalisi” ifadəsini işlədib, bununla da söhbətin Azərbaycanın səlahiyyətli orqanlarının öz vətəndaşları ilə qarşılıqlı fəaliyyətindən getdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.