Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib. Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Əlavə ratifikasiya addımlarının təfərrüatları təqdim edilmir.
Xatırladaq ki, mart ayında Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bəyan etmişdi ki, məhkəmə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit olunmuş öhdəlikləri respublika konstitusiyasına uyğun olaraq tanıyıb. Konstitusiya Məhkəməsinin rəhbəri belə bir bəyanatla Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə qədərki kollegiyasının Rusiya liderinin həbsinə order verdikdən sonra çıxış edib. Kreml qeyd edib ki, BCM-nin Rusiya əleyhinə qərarları təbliğat xarakterlidir, qanunsuzdur və Rusiya üçün heç bir qüvvəyə malik deyil.
İrəvanın niyyətinə reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva “BCM-nin Rusiya rəhbərliyinə qarşı qeyri-qanuni və hüquqi cəhətdən etibarsız” əmrləri fonunda Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qətiyyən qəbuledilməz hesab edir.
Daha sonra Ermənistan özünü doğrultmağa çalışdı və bildirdi ki, sənədin ratifikasiyası Rusiyaya qarşı yönəlməyib, sadəcə olaraq Azərbaycanı məsuliyyətə cəlb etmək imkanı yaradır. Lakin daha sonra, iyunun ortalarında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan respublika hökumətinin tezliklə Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini parlamentə göndərəcəyini bildirdi.
İyul ayında Rusiya Federasiyası Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov erməni həmkarları ilə görüşündə vurğulamışdı ki, praktikada ratifikasiya Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vuracaq. Senator erməni həmkarlarını respublikanın nizamnaməyə qoşulmasının nəticələrini öyrənməyə və Moskva ilə münasibətlər üçün riskləri qiymətləndirməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.