Bakı ümid edir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində də tanıyacaq.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Macarıstan nəşrinə müsahibəsində bildirib.
"İndi şifahi deyilənləri rəsmi imza ilə təsdiq etməyin vaxtıdır və bunun üçün sülh sazişi layihəsi üzərində işin başa çatdırılması lazımdır", - nazir Magyar Demokrata deyib.
Eyni zamanda o vurğulayıb ki, Ermənistanın yeni hərbi təxribatları müşahidə olunur: "Azərbaycan ərazisində 10 min nəfərə yaxın qeyri-qanuni hərbi birləşmələr var ki, bu da üçtərəfli münasibətlərin kobud şəkildə pozulmasıdır. Bu birləşmələrin şəxsi heyətinin bir hissəsi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir. Bunu təsdiqləyən çoxlu sübutlar, faktlar var. Biz əminik ki, sülh gündəliyi davam etməlidir, biz bu prosesi başa çatdırmaq əzmindəyik. Sırf beynəlxalq hüquq normalarına əsaslanmalı olan sazişin yekun mətninin hazırlanması da tamamlanmalıdır".
XİN rəhbəri həmçinin qeyd edib ki, bir deyil, bir neçə tədarük marşrutu təklif edən ölkəni "humanitar böhran" yaratmaqda günahlandırmaq ağlasığmazdır: "Biz bu marşrutun optimallığına görə Ağdam-Xankəndi yolunu təklif edirik, amma əslində bir çox başqa yollar var, o cümlədən Füzuli və Şuşa şəhərlərindən. BQXK-nın Bakıdakı əməkdaşları kimi bizim tərəfdaşlarımız bütün bunlardan xəbərdardırlar. Onların Bərdə şəhərində bütün şəraiti, bütün lazımi infrastrukturu, logistikası, nəqliyyat vasitələri, anbarları - bir sözlə, lazım olan hər şey var. Ağdamdan keçən yol isə ən qısa yoldur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.