AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yazılmamış qanunlar - Niyə əməl etmirik?

  • + A
  • - A
  • 22-09-2023, 22:55

    Yazılmamış qanunlar - Niyə əməl etmirik?


    Həftəni lokal xarakterli antiterror əməliyyatları ilə başa vurduq. Bu əməliyyatlar 1 anın qərarı deyildi. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub və ya ağır yaralanıb. Bu terror əməlləri ilə kifayətlənməyən qanunsuz silahlı dəstələr cəzasız qaldıqlarını görüb daha irəli getdilər. 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində polis əməkdaşları və iki mülki şəxs mina terrorunun qurbanı oldu. Bir sözlə, 3 ildir ermənilərin mina terrorunun acı fəsadlarını yaşayırıq. Sadalanan bu və digər hadisələr lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi.
    Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz oldu. Elə bu gün onların 5 nəfərinin ehtiram və izdihamla II Fəxri Xiyabanda dəfninə şahidlik etdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Şəhidlərin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.
    Lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan təkcə ermənilərə deyil, onların havadarlarına da qalib gəldi, öz diqtəsini yeritdi.
    Bu gün Xankəndində yaşayan erməni əhali üçün Azərbaycandan ərzaq yardımı da yola düşdü.
    Ölkə adına geosiyasi vəziyyəti dəyişəcək qədər mühüm hadisələr baş verir. Biz bunu dəstəkləməli, hədəfə daha tez çatmaq üçün hər addımda verilən qərarlara anlayış göstərməliyik.
    Sosial şəbəkələrin əksər istifadəçiləri sanki fərqli düşüncələri ilə başqa planetdən gəliblər.
    ... 3 gündür şəhid xəbərləri barədə müxtəlif statistikalar paylaşılır. 50, 70, 100, 150, 500, hətta bu gün telegram kanalında müzakirələrdə 700 rəqəminə rast gəldim. Ağır lokal antiterror tədbirləri keçirmişik. Nəzərə alaq ki, müharibə, üz-üzə döyüş olmayıb. Artilleriya silahları ilə hər iki tərəf bir-birinin mövqelərinə zərbə endirib. Ona görə də heç kim təxmin edə bilməz ki, neçə şəhidimiz var. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəhid sayı barədə məlumatı gecikdikcə, şayiələr daha da şaxələnir. İrəli gedib Nazirliyi qınayan da var, söyən də. Bir mətbuat işçisi kimi xüsusi qeyd etmişəm və təkrar edirəm ki, lokal xarakterli antiterror tədbirləri zamanı Müdafiə Nazirliyi peşəkarcasına operativ işlədi. Sutkanın saatından asılı olmayaraq 3 dildə mütəmadi məlumatlar gəldi. Əgər şəhid sayı barədə məlumat gecikirsə, bu yalnız və yalnız dəqiqləşmə aparılması üzündəndi. Olmazmı biraz səbrli olaq? 2 hərbçimizin şəhid xəbəri yayılsa da, sonradan sağ olduğu məlum olub. Neçə şəhidimiz artilleriya zərbəsi nəticəsində dnk və digər nişanələrlə tanınır. Bütün bunlar asan iş deyil. Bəlkə nəzərə alasız, dostlar, qardaşlar, bacılar?
    Siz belə mövqe sərgilədikcə əməliyyatlar bitənə qədər dövlət səviyyəsində əhalinin internetlə əlaqəsi tam kəsilsə necə olacaq, düşündünüzmü? Niyə görülən işlərə yersiz müdaxilə edirsiz?
    Bu gün ermənilərə göndərilən ərzaqlar da ürəyimizcə, ürəyinizcə deyil. Amma siyasət bunu tələb edir.
    Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Dönüş etmək istəməyənlər rədd olub murdar ayaqlarını çəkəcəklər torpaqlarımızdan. Çox gözəl bilirlər ərazi bizimdir, söz yiyəsi bizik, diqtəni biz edirik.
    Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir, çox ölkələrdən fərqliliyimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq.
    Sözümün canı - müharibə şəraitindəyik, siyasi amilləri nəzərə alaq, müharibənin yazılmamış qanunlarına əməl edək. Unutmayaq, sirkə tünd olanda, əvvəl öz qabını yandırır. Yanmayaq, yandıraq.
    Elnurə ABUŞOVA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR