BMT-nin Təhlükəsizlik Şurasında Qarabağ üzrə təşkil olunan dinləmələrdə Azərbaycan Ermənistan üzərində növbəti diplomatik zəfərə imza atdı.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
Respublika Veteranlar Təşkilatının sədr müavininin sözlərinə görə, iclasda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni cinayətlərini ifşa edərək, Azərbaycanın həyata keçirdiyi 24 saatlıq antiterror tədbirlərinin BMT-nin nizamnaməsinə uyğun olduğunu sübut etdi: “İclasda çıxış edən Ceyhun Bayramov konkret faktlar, fotolar və digər sənədlər əsasında sübut etdi ki, Azərbaycan antiterror tədbirləri zamanı yalnız hərbi obyekt və infrastruktura zərbə endirib. Mülki əhali və obyektlər hədəfə alınmayıb. Yəni, məqsəd yalnız terrorçuları zərərsizləşdirmək olub ki, şanlı Ordumuz bu missiyanın öhdəsindən uğurla gəlib.
“XİN rəhbəri onu da vurğulayıb ki, antiterror tədbirləri BMT nizamnaməsinə uyğun şəkildə həyata keçirilib və məqsəd ölkəmizin suverenliyini, təhlükəsizliyini təmin etmək olub. Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi antiterror tədbirləri zamanı mülki şəxslərin zərər görməsi ilə bağlı heç bir fakt təqdim edə bilməyib, yalnız cəfəng fikirlər səsləndirməklə dünyanı öz yalanlarına inandırmağa çalışıb. Lakin Qarabağla bağlı müzakirələrin sonunda heç bir sənədin qəbul edilməməsi göstərdi ki, bəzi ermənipərəst qüvvələrin İrəvana dəstəyinə baxmayaraq, dünya erməni yalanına inanmadı. Məhz bu səbəbdən də Ermənistanın gözləntisinin əksinə olaraq, iclasın sonunda hər hansı sənəd qəbul edilmədi. BMT-nin Təhlükəsizlik Şurasından qalib kimi ayrılan tərəf yenə Azərbaycan oldu”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.