Milli Məclisin deputatı Ceyhun MəmmədovBu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən üç il ötür.
Zəngilan rayonu - Azərbaycan Respublikasında inzibati rayon, Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon 29 oktyabr 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
2020-ci il Oktyabrın 20-də Azərbaycan xalqı illərdir həsrətlə gözlədiyi xoş xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən Zəngilanlılar oldu. Həmin gün xüsusilə, zəngilanlıların sevincinin həddi-hüdudu yox idi. 28 ildən sonra onlar öz doğma yurdlarına qovuşurdular.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında başladı və artıq Oktyabr ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi.
Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.